Azərbaycan xarici sərmayə üçün çox cəlbedici, açıq ölkədir
Bu gün dünya yenə çox ziddiyyətli, qarmaqarışıq bir dönəm yaşayır. Bütün baş verənlər hər birimizdən, hər bir dövlətdən olduqca ehtiyatlı, hazırlıqlı, soyuqqanlı, balanslı, rasional, realist və praqmatik olmağı tələb edir. Xoşbəxtliyimizdəndir ki, Prezident, qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev də müdrik, uzaqgörən, praqmatik, təmkinli siyasət kursu yürütməklə ölkəmizi öz axarı ilə bu təbəddülatlı dünyamızda inkişafa, tərəqqiyə doğru aparır.
Martın 15-də Azərbaycan həm iqtisadi, həm də enerji təhlükəsizliyimizin təmin edilməsi istiqamətində daha bir uğura imza atdı. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə önəmli mesajlar verildi, gələcəyimizə, inkişafımıza yönələn mühüm çağırışlar edildi.
Çıxışında “Bu gün Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulur. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Doğrudan da çox önəmli bir hadisədir. 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı da genişləndirəcək. Mən çox şadam ki, bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan “Masdar” şirkətidir. Qeyd etdiyim kimi, “Masdar” şirkətinin bu sahədə çox böyük təcrübəsi var, bir çox ölkələrdə uzun illər uğurla fəaliyyət göstərir” deyən dövlətimizin başçısı bildirdi ki, bu şirkətin Azərbaycana sərmayə qoyması çox təqdiredici haldır.
Çünki vurğulandığı kimi, bu, bir daha onu göstərir ki, Azərbaycan xarici sərmayə üçün çox cəlbedici, açıq ölkədir.
Milli Məclisin Deputatı Fəzail Ağamalının köməkçisi
Xidmət orucov