“Nə qədər ki, revanşist qüvvələr Ermənistandan rədd olub getməyib, belə hadisələrin şahidi olacağıq...”
“Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki son əsəbi, xüsusiylə kifayət qədər Azərbaycanın maraqlarına xidmət edən mövqeyi onu deməyə imkan verir ki, Paşinyan və onun ətrafı Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Amma revanşist qüvvələr var, onlar Ermənistanda bu və ya digər dərəcədə siyasi yükə malikdir, əhatə dairələri genişdir. Müdafiə Nazirliyində, hərbi hissələrdə revanşist qüvvələrin vaxtilə yerləşdirdiyi yüksək rütbəli zabitlər, komandirlər var.
Düşünürəm ki, onların təsiri ilə bu cür epizodik hallar baş verir”
Bunu açıqlamasında millət vəkili Fəzail Ağamalı Ermənistan silahlı qüvvələrinin son zamanlar mövqelərimizi atəşə tutması haqda danışarkən deyib. F.Ağamalı ermənilərin bununla heç nəyə nail ola bilməyəcəklərini bildirib:
“Sadəcə olaraq gərginlik saxlanılır, çünki problem öz həllini tapmayıb. Hələ də separatçı qüvvələrlə, tör-töküntülərlə, faşist yaramazlarla problem qalır. Ona görə də bunun təəssüratını yaratmağa cəhd göstərirlər. Lakin təbii ki, önlərində bizim igid əsgər və zabitlərimiz dayanır, onlara layiqli cavablar verilir. Bundan da sonra cavabları veriləcəkdir. Ermənilərin bu və ya buna bənzər addımları, sihalı münaqişə törətmək cəhdləri, eyni zamanda qanunsuz silahlı dəstələrinin ən müxtəlif vaxtlarda Azərbaycana qarşı təxribatlar törətməyi təbii ki, Azərbaycana hər hansı bir güclü problem yaradacaq gücdə deyil. Ona görə əlbəttə, nə qədər ki, revanşist qüvvələr Ermənistanda tamamilə siyasi meydandan rədd olub getməyiblər, nə qədər ki, onların başları əzilməyib buna bənzər hadisələrin şahidi olacağıq”.
Qeyd edək ki, martın 5-i saat 00:40-dan 00:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.