Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir ölkə kimi tanınır
Dünya, o cümlədən ölkəmiz iki ilə yaxındır ki, koronavirus infeksiyasına qarşı mübarizə aparır. Azərbaycan ilk gündən bu çağırışı etdi ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələrin və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Bu inam da ifadə edildi ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək. Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi Zirvə Görüşündə də dövlət başçısı bildirmişdir ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə bu virusa qalib gələ bilərik.
“COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunan Forum bir daha dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizədə Azərbaycanın istər ölkədaxili, istərsə də beynəlxalq səviyyədə keçirdiyi tədbirlərə işıq saldı. COVID-19-la mübarizə tədbirləri İkinci Qarabağ müharibəsi ilə eyni vaxtlara təsadüf etdiyindən Azərbaycanın dünyaya nümunə olan davranışı, səyləri, birlik, həmrəylik çağırışları diqqətdən kənarda qala bilməz. Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı ən kəskin mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınır. zərbaycanın, eyni zamanda, dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizəyə töhfələri davamlılığı ilə diqqət çəkir. Ölkəmizdə virusla mübarizə sahəsində həyata keçirilən davamlı tədbirlərdən geniş bəhs edən cənab İlham Əliyev Qlobal Forumda diqqəti bu məqamlara yönəltdi ki, Azərbaycan bu xəstəliyin, böhranın baş qaldırdığı vaxtdan, lap əvvəldən həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atıb. Azərbaycan bu ilin yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlayıb. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində 13 yeni dövlət xəstəxanası istifadəyə verilib və ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılıb. Ölkəmizdə qapanma olmasa da, vəziyyət nəzarət altındadır.
Azərbaycan pandemiya başlayandan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Bugünədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Cənab Prezident İlham Əliyevin nüfuzlu media orqanları vasitəsilə dünyaya ünvanladığı mesajlarda hazırda vaksinasiya ilə bağlı yaşanan mənzərə öz əksini tapıb. «Vaksin məsələsinə gəldikdə, deməliyəm ki, pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq… Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik» söyləyən ölkə Prezidenti İlham Əliyev birliyin, həmrəyliyin bu qlobal prbolemin həllində rolunu xüsusi vurğulayır. Forumun mövzusuna gəldikdə isə COVID-19-dan sonrakı dünyanın mənzərəsi bugünümüzün reallıqlarından aydın görünür. Bütün dünya ölkələrinin iqtisadiyyatının durğunluq dövrünü yaşadığı inkaredilməzdir. Mübarizənin ilk günlərində tətbiq olunan məhdudiyyətlər sözsüz ki, əlaqələrin zəifləməsinə öz təsirini göstərdi. Eyni zamanda, əksər dövlətlər öncə iqtisadiyyatın bərpasına cəhdlər göstərsələr də digər tərəfdən yoluxmanın və ölüm hallarının sayının artması daha sərt addımların atılmasını, sərhədlərin bağlanmasını zərurətə çevirdi. Bütün hallarda koronavirus infeksiyasının ölkələrin iqtisadiyyatına mənfi təsiri qaçılmazdır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin Qlobal Forumdakı çıxışında qeyd etdiyi kimi, biz pandemiya, bəziləri isə postpandemiya dövrü haqqında danışır. Bizim artıq postpandemiya dövründə olduğumuz aydın deyil. Çünki müxtəlif ölkələr bu məsələyə fərqli yanaşır. Keçirilən bütün tədbirlərdə səsləndirilən əminlik bundan ibarətdir ki, tezliklə pandemiya ilə mübarizə başa çatacaq, ölkələr, xalqlar öz əvvəlki həyatlarına qayıdacaqlar. COVID-19-la birgə mübarizə postpandemiya dövrünün də əsas çağırışı olacaq.
Rövşən Əsədli, İmişli RİHB Aparatı İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi
Kanal4.az
Emin Xuduyev.