İlham Əliyev Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı olduğunu sübut etdi
2003-cü ildə cənab İlham Əliyevin xalqın yekdil dəstəyi ilə Prezident seçilməsi müstəqil Azərbaycan dövlətinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu seçimlə 10 il ərzində Ulu Öndər Heydər Əliyevin qurub yaratdğı, həyatın hər bir sferasını nizama saldığı müstəqil Azərbaycanı davamlı inkişaf, tərəqqi və firavan gələcək gözləyirdi.
Ulu Öndər Heydər Əliyev 2003-cü ilin oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində qeyd edirdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndər Heydər Əliyevin bu müraciəti xalq üçün cənab İlham Əliyevin bir şəxsiyyət və siyasətçi olaraq portretini çəkməklə yanaşı həm də insanlarda gələcəyə inam yaratmışdı. Çünki xalq öz liderinə inanır və etibar edirdi.
Zamanla öz siyasi fəaliyyəti ilə xalqın etimadını doğruldan cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev irsinin ən layiqli davamçısı olduğunu sübut etdi. İlk dəfə Prezident seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacam” deyən ölkə başçısı xalqın milli təhlükəsizliyinin və firavan həyat şəraitinin qarantı oldu. Ölkədə həyata keçirilən davamlı islahatlar, xalqın və dövlətin milli maraqlarına xidmət edən daxili-xarici siyasət, əhalinin günbəgün yaxşılaşan sosial rifah halı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, bir sözlə müstəqil Azərbaycanın inkişafı göstərir ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Bir sözlə, Prezident cənab İlham Əliyev Azərbaycanın dayanaqlı inkişafının təminatçısıdır. Ölkə başçısının rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır.
Mansur İmanverdiyev Ziyallı.