PAY TORPAQLARININ SƏNƏDLƏŞDİRİLMƏSİ MÜHÜM MƏSƏLƏDİR
Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsinə başlanılıb. Bu torpaqlar vaxtilə sovxoz və kolxozların balansında olub, 1996-cı ildə aparılan torpaq islahatı çərçivəsində yerli icra hakimiyyəti orqanlarının qərarı ilə təsdiqlənmiş siyahılar əsasında əhaliyə paylanılıb.
Lakin Dövlət Aqrar İslahat Komissiyası torpaq islahatı keçirərkən texniki imkanlar indiki səviyyədə deyildi. Əvvəllər elektron cihazlar olmadığına görə torpaqlar metrəylə, addımla ölçülürdü. Buna görə də ərazilərin kəsişmələri, üst-üstə düşmələri, müəyyən uyğunsuzluqlar var idi. Bəzən mülkiyyətçilər bölgü ilə razılaşmayıblar, yaxud da torpaq sənədi yerlə uyğun olmayıb. Nəticədə mülkiyyətçilərin bir qismi heç sənəd əldə etməyib, bir qisminə isə o zaman texniki sənəd verilib. Texniki sənəd isə mülkiyyət formasını təsdiq etmir, torpaq üstündə məsuliyyət yaratmır. Nəticədə xüsusilə subsidiyaların verilməsi zamanı problemlər meydana çıxıb.
Yaranmış mübahisələrin aradan qaldırılması üçün vacib şərtlərdən biri həmin torpaqlara çıxarışların alınması və ərazi ilə bağlı texniki pasportlar verilərkən dəqiq kordinatların müəyyən olunması idi. Hazırki cihazlar imkan verir ki, hər vətəndaşın pay torpaqlarının bölgüsünü dəqiqliklə müəyyən etsinlər.
Prezident İlham Əliyev “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman imzalayıb. Bu sənəd aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması məqsədi daşıyır. Fərmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, belə torpaqlar üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi dövlət vəsaiti hesabına həyata keçiriləcək. İndiyədək mülkiyyət hüquqlarını rəsmiləşdirə bilməyənlər dövlət hesabına, yəni rüsum və ya digər ödənişlər etmədən sənədləri əldə edə biləcəklər. Fərman, həmçinin torpaq vergisi üzrə yığımların da artmasına şərait yaradacaq. Məlum məsələdir ki, mülkiyyət hüququ rəsmiləşdirilməməsi bu vergini ödəməkdən yayınmaya imkan yaradır. Rəsmiləşdirmədən sonra mülkiyyətində torpaq payı olanlar ondan istifadə etməsələr belə, işsiz kimi qeydiyyata düşə bilməyəcəklər. Ölkə qanunvericiliyinə görə, mülkiyyətində torpaq payı olanlar işsiz kimi qeydiyyata düşə, işsizlik müavinəti ala bilməzlər.
Torpaq sahələrinin sahiblərinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə dövlət reyestrindən çıxarış, torpaq sahələrinin plan və ölçüləri (hüquqmüəyyənedici sənədlər) verilir. Qanuna görə, hüquqmüəyyənedici sənədlər müəyyən istisnalarla 10-15 gün ərzində verilməlidir. İstisnalara dövlət qeydiyyatının bir ay müddətinə dayandırılması və ya qeydiyyatdan imtina aiddir. 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək, digər sənədlər subsidiya almaq üçün əsas sayılmayacaq. Aqrar sahədə subsidiyaların 2025-ci ildən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcəyini nəzərə alanda sözügedən torpaqlar üzrə mülkiyyət hüququnun rəsmiləşdirilməsi prosesini qarşıdakı 3 il ərzində yekunlaşacağının nəzərdə tutulduğu aydın olur.
Bu proses daha da fəallaşmalıdır. Belə olduqda vətəndaşlar öz torpaqlarından təyinatı üzrə rahatlıqla istifadə edəcəklər. Məqsəd əhalinin sosial rifahının yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı və fermerlərin subsidiyalardan faydalanmasının təmin edilməsidir. Pay torpaqlarının reyestrdə olması subsidiyaların alınmasını sadələşdirəcək. Qeydiyyat xidmətlərinin birbaşa yerlərdə göstərilməsi həmçinin, vətəndaşların əmlak hüquqlarından daha səmərəli istifadə etməsinə, xidmətlərdən daha operativ və rahat şəkildə yararlanmasına imkan yaradır.
Elxan XUDAŞLI,
Cəlilabad RİH sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi