Ermənistan-Türkiyə qarşısında duran Zəngəzur dəhlisi: “Mütləq açılacaq”
Türkiyə və Ermənistanın münasibətilərinin normallaşması üçün xüsusi nümayəndələr arasında ilk görüş baş tutdu.
Serdar Kılıç və Ruben Rubinyan arasında Moskvada aparılan danışıqlar prosesi 1.5 saat davam etdi.
Türkiyə və Ermənistan münasibətləri tezliklə normallaşa bilərmi? Rəsmi Ankaranın İrəvandan hansı tələbləri olacaq?
Bununla bağlı Cebhe.info-ya danışan politoloq Şəbnəm Həsənova deyib ki, bu, özündə mürəkkəb kombinasiyaları ehtiva edən olduqca qəliz bir məsələdir:
"Əvvəla, burada sadəcə Ermənistan dövlətindən söhbət getmir. Birincisi, təkcə Azərbaycan-Ermənistan arasında vasitəçilikdə deyil, bəlkə də hələ tam aydın görünməsə də, Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin görüşünün kimin vasitəçiliyi ilə keçirilməsi prosesində də obrazlı şəkildə ifadə etsək sanki bir yarış gedir. İlk görüşün Moskvada keçirilməsini, Moskvanın da nəqliyyat və kommunikasiyaların açılmasında maraqlı olduğunu nəzərə alsaq, rəsmi Kremlin də burada səyləri önəmlidir. İkincisi, birincidən heç də az önəmli olmayan məsələ erməni diasporu amilidir ki, Ermənistandan daha ağır basan tərəfdir. Soyqırım iddialarının geniş təbliğatı məhz onların güclü maliyyəsi hesabına başa gəlir. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında erməni disporunun kök saldığı dövlətlərin özlərinin nə dərəcədə maraqlı olması amili də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı Ermənistan və Türkiyənin münasibətlərinin normallaşmasında xüsusi nümayəndələrin görüşünü irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirərək tərəflərin bu istiqamətdə işləməyə hazır olmasını alqışladı. Xüsusi nümayəndələrin ilk görüşü müsbət və konstruktiv mühitdə keçsə də, hər nə qədər tərəflər müzakirələri tam normallaşma məqsədilə ilkin şərtlər olmadan davam etdirmək barədə razılığa gəlsə də, növbəti görüşlər konkret məsələlərin müzakirəsini qaçılmaz edir".
Politoloq hesab edir ki, Ermənistanın "soyqırım" iddialarından imtina edəcəyini düşünmək sadəlövhlük olar: "Qarabağ məsələsinə qədər Türkiyənin şərti Qarabağla bağlı idisə, müharibə sonrası Qarabağla əlaqəli şərt aradan qalxdı və Türkiyənin hələ də normallaşma ilə bağlı İrəvana irəli sürdüyü şərt Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımaq və ərazi iddialarından əl çəkmək, Ermənistanın Türkiyəyə qarşı erməni soyqırımı iddiasından çəkinməsidir. Paşinyan parlamentdə çıxışı zamanı bildirmişdi ki, erməni “soyqırımı”nın beynəlxalq səviyyədə tanınması gündəliyi Ermənistanın təhlükəsizlik təminatlarının gücləndirilməsinə xidmət etməlidir və bu, hökümətin prioritetləri sırasında olacaq. Bu isə göstərir ki, Ermənistan tərəfi hələ də öz mövqeyindədir, yəni bu açıqlama aydın şəkildə onların erməni “soyqırımı” iddiasından geri çəkilmədiklərini ifadə edir".
Həmsöhbətimiz bildirib ki, əsas məsələ Zəngəzur dəhlizidir ki, bu, həm də Türkiyəni Orta Asiyaya çıxaracaq tranzitdir: "Xüsusilə son dönəmlərdə baş verən proseslər fonunda bu reallıqlar daha da üzə çıxdı. Qarabağ Zəfəri regionun geosiyasi xəritəsini necə dəyişdisə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması sadəcə regionun deyil, beynəlxalq münasibətlər sisteminin ən güclü aktorlarının fundamental qərar və addımlarına yenidən baxmağa, ciddi korrektələr edərək dəyişikliklərə səbəb olacaq. Daha öncəki illərdə də Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə cəhdlər olmuşdu. “Yol xəritəsi” məlum olmuşdu, lakin heç də birmənalı qarşılanmamışdı, radikal fikir ayrılıqları olmuşdu. Zəngəzur dəhlizi hər bir halda açılmalıdır və proseslərin də gedişatı göstərir ki, mürəkkəb məsələlərin həllində açar olmaqla yanaşı, açılması qaçılmazdır. Nəqliyyat və kommunikasiyaların açılması regionun əməkdaşlıq potensialını daha da təşviq etməklə Türkiyə və Ermənistan arasında əməkdaşlıq ehtiyacını artıracaq. Ümumiyyətlə, gediş-gəlişin açılması ilə region xalqları arasında təmas olacaq. Düşünürəm ki, əsrlərlə kök salan düşmənçiliyin aradan qaldırılması məsələsinə vasitəçilərdən daha çox kömək olacaq ki, burada artıq dolayı yolla, ya da çoxşaxəli maraqlardansa, ikitərəfli maraqların təmini ilə maraqların əhatə dairəsinin daralmasına gətirəcək. Nəticədə isə region xalqları karlı çıxacaq. Bu da tərəfləri erməni “soyqırımı” məsələsində müəyyən razılaşmalara sövq edə bilər. Hazırda Ermənistan-Türkiyə münasibətlərinin bərpa edilməsi qarşısında duran əsas məsələ dəhliz və Azərbaycanla Ermənistan arasında davam edən gərgin vəziyyətdir. Ermənistan tərəfi yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir".