Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb.
Böyük Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsi dövründə qələbənin təmin olunmasında, olduğu kimi, bu gün aparılan bərpa işlərinə də şəxsən Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir. Dövlət başçısı son aylarda, demək olar ki, bütün azad olunmuş ərazilərimizə gedib, aparılan bərpa işləri ilə yerində tanış olub, hazır obyektlərin açılışını edib, yeni tikintilərin təməlini qoyub.
Təbii ki, bərpa işləri Azərbaycanın incisi Şuşadan başlayıb. Prezident Cıdır düzündə təşkil olunmuş “Xarıbülbül” musiqi festivalının açılışında da bildirib ki, azad edilmiş bütün torpaqlar bərpa ediləcək. Onun sözlərinə görə, hazırda bütün ərazilərdə ziyanın hesablanması, şəhərlərin baş planlarının hazırlanması işləri görülür: “Baş planlar təsdiq olunduqdan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq. Biz isə bu torpaqları bərpa edəcəyik”.
Dövlət başçısı tikinti-quruculuq işləri barədə Tərtər, Bərdə, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarına səfərləri zamanı da geniş söhbət açıb. Bildirib ki, Qubadlı camaatını yerləşdirmək üçün rayonda çox böyük işlər görülməlidir. Bərpa-quruculuq prosesi zamanı infrastruktur işləri birinci sıradadır. Dövlət başçısı qürur hissi ilə deyib ki, indi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, insanlar ondan rahatlıqla istifadə etsinlər. Yeni yol çəkiləndən sonra Qubadlı sakinləri istehsal edəcəkləri məhsulları bazarlara vaxtında, itkisiz çatdırmaq imkanı qazanacaqlar.
Prezident qeyd edib ki, Zəngilan hava limanı gələn il istifadəyə veriləcək və qubadlılar da ondan istifadə edəcəklər. Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanacaq. İnfrastruktur layihələri artıq təsdiq edilib. Sosial infrastrukturla bağlı baş planda bütün məsələlər – məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları əhatə olunacaq. Rayon böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri var. Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubadlının, bütün Azərbaycanın böyük sərvətidir. Eləcə də Bəsitçay, Tərtər çayı. Ermənilər bizi bunlardan məhrum etmişdi. Ona görə iqtisadi inkişafla, hansı sahələrin daha əvvəl yaradılması ilə bağlı düzgün planlaşdırma aparılmalıdır.
Oktyabrın 20-də Zəngilan rayonunda olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada da yenidənqurma-bərpa işlərinin gedişi ilə tanış oldular, ictimaiyyət nümayəndələri ilə görüşdülər. Əvvəlcə rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, eləcə də Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olublar. Eyni zamanda, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər. Bu səfər, eləcə də Prezidentin bundan əvvəlki səfərləri erməni işğalından azad edilmiş rayonlarımızda qısa müddət ərzində nə qədər böyük işlərin görüldüyünü əyani şəkildə göstərir.Yaxşı xatırlayırıq, “Ağıllı kənd” layihəsinin ilk təməli 2021-ci ilin aprelində Prezident İlham Əliyevin Zəngilana səfəri çərçivəsində qoyulub.
Prezident İlham Əliyev hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətlərinin birgə iştirak etdiyini bildirib. Ərdoğan isə deyib ki, bu coğrafiyadan keçəcək torpaq yollar və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari fürsətlər yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək. Bu inkişafdan İran, Gürcüstan, Ermənistan da daxil olmaqla Azərbaycanın bütün qonşuları istifadə edəcəklər.
Abdıyeva Elvina
Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin müəllimi