Deputat: "Azərbaycan yeni dünya düzənində mühüm rol oynayacaq"
Dünyada baş verən kataklizmlərin, yeni böhranların baş verməsinə baxmayaraq Azərbaycan proseslərə çevik reaksiya verərək buna uyğun siyasət yürütməsi nəticəsində üzləşilən təhdidlərdən yan keçib və ya yaranan böhranların təsirlərini minimuma endirib.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsini şərh edərkən deyib.
Deputatın sözlərinə görə, bütün bu böhranlardan uzaq qalmamızın əsas səbəbi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində və qlobal çağırışlara zamanında reaksiya verib, milli maraqlarımıza uyğun siyasət yürütməsinin bəhrəsidir.
“Azərbaycan nəinki üzləşinlən proseslərdən yan keçir, həm də uğurla çıxır. Bu, cənab Prezidentin zamanında qlobal çağırışlara uyğun olaraq ölkəmizin suverenliyinin, müstəqilliyini, təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasət nəticəsində mümkün olub. Belə ki, yürüdülən siyasət nəticəsində Azərbaycan təkcə özünün deyil, qlobal təhlükəsizlik sisteminin arxitekturasının qorunub müdafiə olunmasında müstəsna xidməti olan ölkəyə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan təkcə enerji baxımdan deyil, eyni zamanda logistik, tranzit yükdaşıma baxımdan qovşaq ölkəyə çevrilib. Azərbaycan Prezidenti bu istiqamətdə daha yeni-yeni layihələri həyata keçirməklə ölkəmizi gözləyə biləcək hər hansı təhlükələrdən sığortalamış olur və üzləşilən proseslərdən uğurla çıxır”- deputat bildirib.
O əlavə edib ki, qonşu bölgələrdə baş verən böhranlara baxmayaraq Azərbaycanın son illərdə nəinki özünü qoruyub, əksinə, yürütdüyü uğurlu və düzgün diplomatiya nəticəsində ölkəmizin üzləşdiyi ən çətin məsələləri, o cümlədən Qarabağ kimi münaqişəni həll edib: “2020-ci ildə 30 ilə yaxın işğal altında olan torpaqları işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyünü təmin edib qələbə əldə etdisə, 2021-ci ildə əldə edilən qələbənin dayanıqlılığını təmin edilməsi istiqamətində yürütdüyü xarici siyasət nəticəsində diplomatik qələbəni əldə etdi və bu uğurlar davam etməkdədir. Diplomatiya sahəsində yürüdülən uğurlu fəaliyyət nəticəsində Azərbaycan yeni dünya düzənində də özünüəməxusus yerlərdən birini tutacaq.
Azərbaycan onsuz da Qarabağ problemini həll etməklə bölgədə yeni geosiyasi və geoiqtisadi reallıq yaradıb ki, bununla da yeni düzəninin formalaşmasına öz töhfəsini vermiş olacaq. Bununla bağlı cənab Prezident yerli media orqanlarına verdiyi müsahibəsində də məsələyə toxunaraq Azərbaycanın mövqeyini sərgiləyərək deyib ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq və de-fakto bütün imkanlarımız, resurslarımızla bu vəziyyətə, istənilən varianta tam hazırıq. Cənab Prezident onu da bəyan edib ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq.
Odur ki, cənab Prezident Azərbaycanın yeni dünya düzənində uğurlu mövqe tutması istiqamətində siyasətinə əminik və bu istiqamətdə daha ciddi planların həyata keçiriləcəyinə şahid olcağıq. Elə bu gün Azərbaycanın gələcək həyatında çox mühüm rol oynacaq xarici investorların maliyyə vəsaiti hesabına 240 meqavat gücündə böyük külək elektrik stansiyasının təməlinin qoyulmasıdır. Bu layihənin maliyyəsi 100 faiz investorlar tərəfindən qoyulacaq. Bu da ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür. Ölkə başçısı da bəyan etdi ki, neft-qazla yanaşı, elektrik enerjisinin ixracı ilə bağlı böyük planlar mövcuddur. Bu həm Naxçıvanı etibarlı şəkildə elektrik enerjisi ilə təmin olunmasında, həm də elektrik enerjisinin ixracı baxımdan çox böyük önəmə malik olacaq. Bundan əlavə olaraq Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisinin nəzərdə tutulması, “Xudafərin” və “Qız qalası”nda 140 meqavat elektrik enerjisi əldə etmək imkanlarının olması Azərbaycanın iqtisadiyyatına əlavə güc qatıb inkişafına təkan verməklə yanaşı, elektrik enerjisinin ixracı beynəlxalq aləmdəki mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Biz bura Kəlbəcər və Laçında 10 min meqavata yaxın elektrik enerjisi potensialının oldğunu əlavə etsək, mənzərə o zaman tam aydın olar. Bütün bunlar həm Azərbaycanın qarşısında duran hədəflərə nail olunmasına, həm insanların rifah halında yaşamasına, həm də yeni dünya düzənin yerinin tutmasında, beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənib, nüfuzunun artmasına, həmçinin gözlənilən böhranlardan yan keçməsində müstəsna rol oynayacaq”.