BİRLİK RƏHBƏRLİYİ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB
“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə övladları vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn, Birlikdə çalışan 2 əməkdaşımızın ailəsini ziyarət edib. Şəhid Zaur Mədətovun atası Kamal Mədətov şəhidlik zirvəsinə ucalan övladı fəxr etdiyini, göstərilən diqqətə görə Birlik rəhbərliyinə minnətdarlığını bildirib.
Həmçinin Füzuli, Cəbrayıl və Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rauf İbadovun da ailəsi ziyarət olunub. Şəhidin atası Məhərrəm İbadov “Azəriqaz” İB rəhbərliyinin hər zaman onlara göstərdiyi qayğıya görə baş direktorun müavininə təşəkkür edib.
Qeyd edək ki, şəhid valideynləri uzun illərdir ki, Birliyin Sumqayıt qaz istismarı Sahəsində çalışır. Həmçinin şəhid Rauf İbadovun bacısı Banu İbadova da “Azəriqaz” İB-də işlə təmin edilib.