SOCAR-ın Bakı Ali Neft Məktəbinin yaradılmasının 10-cu ildönümü qeyd olunub
Dekabrın 21-də SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 10 illiyi münasibətilə Ali Məktəbin kampusunda təntənəli yubiley tədbiri keçirilib. Yubiley tədbiri torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il may ayının 1-də kampusun açılışında BANM haqqında söylədiyi fikirləri əks etdirən və “BANM- 10 il” adlı videoçarxlar nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov demişdir: “Azərbaycanda müasir tədris proqramları və təlim texnologiyaları əsasında mühəndis kadrlar yetişdirən Ali Məktəbimizin məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, eyni zamanda transmilli şirkətlərdə çalışaraq iqtisadiyyatın, sənayenin inkişafına töhfələr verir, dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirir, nəhəng şirkətlərdə Azərbaycanı layiqincə təmsil edirlər.
Böyük qürur və fəxarət hissi ilə bildirirəm ki, Bakı Ali Neft Məktəbi ən müasir texnologiyalar və peşəkar pedaqoji heyətlə təmin edilmiş innovativ təhsil müəssisəsi olaraq inkişaf edib, Azərbaycan ali təhsil müəssisələrinin reytinq cədvəlində liderliyə yüksəlib, orta qəbul balı üzrə Respublika birincisidir”.
Kanal4.az