Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaqdır
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Ağdam da var. 1993-cü ildə işğal olunan və Qafqazın Xirosiması adlandırılan Ağdam rayonunda erməni vandalizmi hər addımda özünü göstərir. Burada bir dənə də olsun salamat yaşayış binası, istehsal sahəsi, yaxud infrastruktur obyekti qalmayıb. Bir vaxtlar kənd təsərrüfatının inkişaf etdiyi bu rayonda indi hər şey məhv olub.
İyirmi yeddi il işğal altında qalan Ağdam rayonunun çoxşaxəli aqrar potensialı var. İşğal nəticəsində Ağdamın sərvətləri düşmən tərəfindən talan edilib, kənd yerlərində təsərrüfatla məşğul olan əhali məcburi köçkün vəziyyətində ölkənin digər şəhər və rayonlarında məskunlaşmağa məcbur qalıb və yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri darmadağın edilib.
İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. Ölkə ərazisinin 1,3 faizini əhatə edən və sahəsi 1094 kvadrat kilometr olan rayonun relyefi əsasən düzənliklərdən, qismən dağlıq ərazilərdən ibarətdir. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Ərazi baxımından Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxildir. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti isə kənd təsərrüfatı olmuşdur.
Yuxarı Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdam rayonundadır. Rayonun ərazisi əsasən Qarqar, Gülyataq, Xaçın, Qabartı çayları ilə suvarılır. Bu rayonun kənd təsərrüfatı torpaqları, həmçinin Xaçın çayı üzərində yerləşən Dərbənd su anbarı və Tərtərçay üzərində yerləşən Sərsəng su anbarı hesabına da suvarılır. Lakin bununla belə, əkin dövriyyəsinə cəlb edilən azad olunmuş ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Suqovuşan, Xudafərin və Sərsəng su anbarları, Vəlvələçay kimi su resurslarının Ağdamın əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi rayonun kənd təsərrüfatının inkişafına töhfəsi çox yüksək olacaq.
Qeyd edək ki, burada mövcud olan örüş-otlaq və biçənək sahələri respublikanın müvafiq sahələrinin təxminən 0,8 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm 1 illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər.
Ağdamda sovetlər dönəmində əkinçiliyin əsas sahələri olan pambıqçılıq, taxılçılıq, üzümçülük və tərəvəzçilik inkişaf etdirilmişdi. Rayon ərazisində taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini geniş sahə tutmuşdu. Rayonun 1988-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (49.5%) və pambıq sahələrinin (48.9%) daha geniş sahələri əhatə etdiyi müşahidə olunur. Ümumilikdə Ağdam rayonunda 1988-ci ildə mövcud olan taxıl sahələri ölkədəki müvafiq əkin sahəsinin 1,4 faizini, eləcə də rayonda mövcud olan pambıq sahələri isə ölkədəki sahənin 2,5 faizini təşkil etmişdi.
Ümumilikdə, Ağdam rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində, məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 641 milyon manat, başqa sözlə 4,5 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekt hiss ediləcək.
Peyk görüntülərindən də Ağdamın 27 il işğal altında qalan torpaqları ilə işğala məruz qalmamış əraziləri arasında olan fərq aydın görünür. Necə ki, işğalda qalan Ağdam ərazisi digər hissə ilə müqayisədə inkişafdan çox uzaq, “ruhlar şəhəri” adlandırılaraq illərlə anılmışdır. Heç şübhəsiz ki, bu, ermənilərin düşünülmüş və qərəzli, faşist və separatçı siyasətinin bariz nümunəsidir. Lakin artıq Ağdam azaddır, bütövdür. Ağdam öz potensialı ilə yüksək inkişaf vəd etməkdədir. Ümid edirik ki, ən qısa zamanda insanlar öz ata-baba torpaqlarına geri qayıdaraq dinc şəkildə yaşayıb yaradacaqlar. Ağdam rayonunun əsas ixtisaslaşdığı sahələr olan taxılçılıq, tərəvəzçilik və üzümçülüyün yenidən bərpa edilməsi isə ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə vermiş olacaq.
Mərdan Cəlilov,
“P-Aqro” MMC-nin Salyan filialının direktoru, sahibkar