ƏRDOĞANDAN SONRA PUTİN DƏ QARABAĞA GƏLƏCƏKMİ - DEPUTAT VƏ POLITOLOQDAN
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Füzuli Hava Limanının açılışında iştirakı, orada verdiyi mesajlar, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə keçirdiyi mətbuat konfransında söylədiyi fikirlər gündəmə möhürünü vurub.
Paralel olaraq təcavüzkar Ermənistanın təlaşı durmadan artır.
Eyni zamanda bu səfər Rusiya prezidenti Vladimir Putinin timsalında bir sıra suallar yaradıb: Putin Qarabağa nə vaxt gələcək? Rusiya prezidentinin təyyarəsi Füzuli aeroportuna enəcəkmi? Ərdoğandan sonra o aeroporta hansı dövlət başçısının təyyarəsi enəcək?
Heç şübhəsiz ki, Putinin gəlməsi Ərdoğanın səfəri qədər bizim üçün mühümdür. Amma Rusiya prezidenti bu cür net, açıq mövqe qoyarmı ortaya? Şərtlər, Rusiyanın mövqeyi buna imkan verərmi?
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı öncə Ərdoğanın səfərinin dəyərləndirməsini apardı: “Qardaş, dost Türkiyəmizin dövlət başçısı, hər bir azərbaycanlının ürəyində və yaddaşında əbədiləşən Rəcəb Tayyib Ərdoğanın Füzuliyə səfəri, orada hava limanının açılmasında iştirakı çox böyük bir tarixi hadisədir. Cənab Prezidentimizlə Ərdoğanın yüksək səviyyədə münasibətləri həm də iki dost, qardaş millətlərin münasibətlərinin məntiqinə söykənir. Əslində hər iki lider təkcə iki dövlətin deyil, bütövlükdə türk dünyasının arzu və istəklərini çox uğurla həyata keçirməkdə, reallaşdırmaqdadır.
Fəzail Ağamalı: “Bu, həm də Kreml sahibinin Azərbaycan və erməni xalqlarına yüksək münasibətinin ifadəsi kimi dəyərləndirilərdi”
Cənab İlham Əliyevin bu açılışda yüksək əhval-ruhiyyəsi, Ərdoğana və bütövlükdə türk xalqına təşəkkürü bütün xalqımızın təşəkkürü kimi qəbul edilməlidir. Eyni zamanda bu təşəkkür cənab Prezidentimizin ünvanına düşür. Bütün bu nailiyyətlərin təşəbbüskarı, təşkilatçısı kimi dövlət başçımız tariximizə şanlı səhifələr yazmağa, dünyanı heyrətləndirməyə davam edir. Qısa zamanda, 8 aya belə bir hava limanının açılması həqiqətən görünməmiş bir hadisədir. Orada cənab Ərdoğanın çıxışının iki detalını xüsusi qeyd etmək istərdim. Birincisi, Ermənistana və onun havadarlarına demiş olduğu söz oldu. Söylədi ki, əgər Ermənistan Azərbaycanla normal, səmimi münasibətlərini həyata keçirərsə, onun Türkiyə ilə də hər hansı bir problemi yaşanmayacaq. Bu, əslində çox ciddi bir mesaj idi. Bunun açılımı o deməkdir ki, artıq Ermənistan bir dövlət kimi yaşamaq istəyirsə, öz xalqının taleyini ciddi təhlükələr altında qoymaq istəmirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağdakı separatçıların separatçılığına son qoymaq üçün bütün addımları atmalı, Zəngəzur dəhlizinin açılması ilə bağlı riyakar, fərqli, sürüşkən mövqeyini ortadan qaldırmalıdır. Məncə, bu özünün ciddi nəticələrini yaxın zamanlarda verəcəkdir. Doğrudur, Paşinyan son vaxtlardakı çıxışlarında pozitiv baxışlarını ortalığa qoyur. Lakin unutmayaq ki, o ermənidir. İkinci mühüm mesaj Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Çox hörmətli Türkiyə Prezidentinin Zəngəzura aparan avtomobil yolunun Zəngilandan keçən hissəsinin təməlqoyma mərasimində iştirak etməsinin özü çox ciddi bir hadisədir. Nəzərə alaq ki, bu gün hava limanının, avtomobil yollarının, kommunikasiya xətlərinin çəkilməsində türk qardaşlarımız çox fəal şəkildə iştirak edirlər. Quruculuq prosesində Türkiyəmizin iştirakı həm də simvolik məna daşıyır. Təməlqoyma mərasimində iştirak həm də o demək idi ki, Zəngəzur dəhlizinin açılmasında Türkiyə həlledici rol oynayır. Ərdoğanın mətbuat konfransında da dediyi “Bu yol Zəngəzur dəhlizindən keçərək İstanbula kimi gedəcəkdir” kimi nikbinliklə söylənilən fikir özündə böyük bir siyasi, iqtisadi və bəşəri xidmətin yükünü daşımaqdadır".
Deputat Putin barədə səslənən suallara bu cür cavab verdi: “Cənab Putinin Füzuli hava limanına öz təyyarəsi ilə enməsi, Azərbaycan ərazisində olması çox yaxşı olardı. Bu, həm də şimal qonşumuzun, Kreml sahibinin Azərbaycan və erməni xalqlarına yüksək münasibətinin ifadəsi kimi dəyərləndirilərdi. Çünki torpaqlarımızın işğaldan azad edilməsi yeni bir reallıq yaradıb. Bu reallığın başlıca mahiyyəti regionda sülhün, təhlükəsizliyin, əməkdaşlığın, insanların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən bir niyyətdir. Bu niyyətə kim xeyri-dua verərsə, bunun reallaşmasına xidmət edərsə, o, heç şübhəsiz ki, tarixə sülhpərvər lider kimi daxil olacaq. İndi seçim onlarındır. Düşünürəm ki, xalqımız, cənab Prezidentimiz qonaqpərvərliyi ilə torpaqlarımıza gələn hər bir qonağı qəbul etməyə, qarşılamağa hər zaman hazırdır”.