Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir
Hadrut döyüşləri — İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın əvvəlində Azərbaycanın Xocavənd rayonunda yerləşən və birinci Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə baş verən döyüşlərdir. Xocavəndin işğaldan azad olunmasında Hadrut əməlliyatının böyük rol oynadığı bu əməliyyat İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyətə malikdir. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması imkan verdi ki, Azərbaycan Ordusu öz hədəfinə – Qarabağın azad edilməsinə nail oldu. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrut döyüşü Vətən müharibəsinin ən ağır və gərgin keçmiş döyüşlərindən biridir. Baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.
Azərbaycan ordusu cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə-Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən-Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.
Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Əvvəlcə hər iki tərəf qəsəbəyə nəzarət etdiyini bəyan edirdi. Hadrutun azad edilməsi barədə ziddiyətli məlumatlar yayılırdı. Çünki qəsəbənin ətrafındakı hakim yüksəkliklər düşmənin nəzarətində olduğu halda xüsusi təyinatlılar düşmən müdafiəsinin dərinliklərinə sızaraq Hadruta daxil olmuşdu. Digər qruplar isə Hadruta cənub istiqamətindən gələn yolları (Cəbrayıl və Xocavənd istiqamətindən) nəzarətə götürmüşdü. Əməliyyatın sonrakı gedişində Hadrut ətrafındakı yüksəkliklər də azad edildi və təxminən 2-3 gün davam edən döyüşlərdən sonra qəsəbə tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi.
Salyan rayonun Qarabağlı Kənd sakini
Mansur İmanverdiyev Ziyallı