Rüstəm Muradov Bakı ilə vidalaşmadan postdan getdi və müsahibəsində dedi ki…
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov öz missiyasını başa vurduqdan sonra ilk dəfə vətəni Dağıstanda görünüb. Və TASS müxbirinin suallarına cavab verib.
Mahaçqalada ümumrusiya vətənpərvərlik aksiyası iştirakçıları ilə görüşü zamanı agentliyə açıqlama verən Muradov Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin fəaliyyətini pozitiv qiymətləndirib. TASS Rüstəm Muradovu sülhməramlıların keçmiş komandanı adlandırır və onun yerinə general Mixail Kosobokovun təyin olunduğunu qeyd edir. Hərçənd bu barədə Rusiya Müdafiə Nazirliyi heç bir rəsmi məlumat yaymayıb. Rüstəm Muradovun missiyasını başa vurduğunu və onun yerinə Mixail Kosobokovun təyin edildiyini Ermənistan Müdafiə Nazirliyi açıqlayıb.
“Rusiyanın sülhməramlı missiyasının fəaliyyətini ancaq pozitiv qiymətləndirirəm. Əlbəttə, mürəkkəb məsələlər var, amma proses gedir-insanlar qayıdır, bir sıra problemli məsələlər həll olunur. Ona görə də hesab edirəm ki, hər şey normal olacaq”, – Muradov deyib.
General qeyd edib ki, Rusiya sülhməramlıları Qarabağda beş il müddətində qalacaqlar. “ Birinci beş il üç dövlət başçısının imzaladığı razılaşma ilədir. Bunun ardınca isə Rusiya sülhməramlı kontingentinin qalma müddətinin uzadılması haqda qərar verilməlidir”, – o deyib.