Azərbaycan diaspor quruculuğu və lobbiçiliyi.
İstiqamət: diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Azərbaycan müstəqillik əldə etdikdən bəri qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması olub.
Diaspor işinin əsas məqsədi Azərbaycanın mill maraqlarını xarici ölkələrdə layiqincə təmsil etməkdən ibarətdir. Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi bir tərəfdən soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərini qoruması deməkdirsə, digər tərəfdən Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri, həmin ölkələrin ictimai-siyasi həyatında aktiv rol oynamaları, Azərbaycan üçün yeni-yeni dostlar qazanmaları, güclü Azərbaycan lobbisi deməkdir.
Politoloqlar hazırki dövrdə diaspor və lobbiçilik anlayışını beynəlxalq münasibətlərin vacib elementi kimi xarakterizə edirlər. Diaspor anlayışının əsas amili hər hansısa bir etnik qrupun ölkə xaricində yad etnosların əhatəsində yaşamasıdır. Bununla belə başqa xalqlar arasında yaşayan hər hansı bir xalqın müəyyən hissəsinə diaspor demək heç də düzgün olmazdı. Diaspor-milli məişətə, adət-ənənələrə, mədəniyyətə və dilə, milli şüura malik olan, onu qoruyan, inkişaf və təbliğ edən etnik cəmiyyətdir.
Tədqiqatçı Zaur Əliyev bu iki anlayışın fərqini belə xarakterizə edib: “Diaspor xüsusi maraqları olan bir qrup kimi siyasi proseslərdə iştirak edir və digər maraq qrupları kimi o da öz maraqlarını təmin etmək üçün təzyiq vasitəsi kimi lobbizmdən istifadə edir. Mövcud taktikadan istifadə etdiyi üçün diaspor lobbi qrupu kimi tanınır. Beləliklə, diaspor qrup, lobbizm isə qrupların istifadə etdiyi taktikadır. Lobbi termininə gəldikdə isə son dövrlərdə daha geniş yayılmasına baxmayaraq insanlar bunu tam mənasında dərk etmirlər”.
Mütəxəssislər tərəfindən lobbiçilik fəaliyyətinin metod və formaları aşağıdakı kimi qruplaşdırılır: 1. Şəxsi mülahizələrin təklif edilməsi; 2. Tədqiqatların nəticələrinin təqdim edilməsi; 3. Parlament komissiyalarındakı müzakirələrlə çıxışlar edilməsi; 4. Nüfuzlu seçicilər vasitəsilə qanunvericiliyə təsir göstərilməsi; 5. Parlamentlərin müəyyən şənliklərə və əyləncələrə dəvət edilməsi; 6. Seçki kompaniyalarına pul xərclənməsi; 7. Seçki kompaniyasının keçirilməsində iştirak; 8. Seçicilər tərəfindən “məktub və teleqram”ların təşkil edilməsi; 9. Təbliğat kompaniyasının təşkili; 10. Bir neçə təşkilatın birləşib lobbi təşkil etməsi.
Son illər yəhudi, türk və digər diaspor və lobbilərlə, onların təşkilatları ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etmək, onların köməyindən istifadə edərək təcrübə toplamaq və qarşıya qoyulan məqsədləri reallaşdırmaq Azərbaycan diasporunun artıq nəzəriyyədən praktikaya keçidinin göstəricisidir.
Lakin xüsusilə qeyd etmək lazımdır ki, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda, Bakıda, Sumqayıtda öz vandallığını göstərən ermənilər bu gün hələ də cəzasız qalıb. Tovuz və II Qarabağ döyüşləri zamanı ermənilərin xaricdə həmvətənlərimizə qarşı etdikləri zorakılıq hələ də yaddaşlardadır. Azərbaycanlılara xəsarət yetirən erməni vəhşilərinin cavabı beynəlxalq hüquq müstəvisində verilməli idi, lakin bütün dünyanın gözü qarşısında olan erməni terrorları hələ də cavabsız qalıb. Açıq etiraf etmək gərəkirsə, bu, erməni lobbiçiliyinin bu gün aktiv fəaliyyət göstərdiyindən xəbər verir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı Bakıvaxtı.az-a bildirib ki, ermənilər uzun illər boyu təşkilatlanmış diasporunu formalaşdırıb: “Eyni zamanda lobbiçilik də onların diqqətindən kənarda qalmayıb. Ermənilər ən müxtəlif kampaniya adları altında yığmış olduqları pulla dünyanın aparıcı dövlətlərində öz lobbiçilərini gücləndiriblər. Dövlət strukturları, vətəndaş cəmiyyətləri, parlament və Kütləvi İnformasiya Vasitələrində erməni lobbissi bu gün çox güclü faliyyət göstərir. Biz otuz ildir ki, müstəqilliyimizi əldə etmişik və onun elə on ili daxili qarşıdurmalara, islahatların həyata keçirilməsinə, dövlət quruculuğuna və s. sərf olunub”.

Millət vəkili qeyd edib ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan diaspor və lobbiçilik günü-gündən öz fəaliyyətini genişləndirməyə və möhkəmləndirməyə başlayıb: “Qeyd etmək lazımdır ki, qırx dörd günlük Qarabağ müharibəsi dövründə Azərbaycan diasporu və lobbiçiliyi həm beynəlxalq təşkilatlar və həm də ayrı-ayrı dövlətlər səviyyəsində yaxşı fəaliyyət göstərdi və erməniləri xeyli neytrallaşdıra bildi. Əlbəttə bu, kifayət deyil. Bundan sonra da bu işə xüsusi diqqət və önəm verilməlidir. Əldə olunmuş razılığda və imzalanmış Şuşa Bəyənatında dünyada Ermənistan və Azərbaycana qarşı olan ayrı-ayrı diaspor təşkilatlarına müqavimət göstərmək və fəaliyyətlərini yaxşı qurmaları üçün xüsusi bənd var”.
“Bunu unutmayaq ki, dünya xristianlığı bu gün ermənilərin yanındadır. Ermənilərin törətdikləri vandalizm əslində Almaniya, Fransa, ABŞ, Hollandiya və Avropada ciddi hüquqi qiymətini almalıydı. Lakin ikili standart və eyni zamanda xristian təəssübkeşliyi bu vandalizmin qarşısını almağa və ona ciddi qiymət verməyə imkan vermədi. Qırx dörd günlük müharibədən sonra Avropanın bir sıra dövlətlərinin, Fransa, ABŞ, köhnə MİNSK qrupunun Azərbaycana qarşı fəallaşması hiss olunur. Onlar sona qədər müqavimət göstərməyə çalışacaqlar, lakin bu müqavimətin qarşısında Azərbaycan xalqının və Prezidentinin qətiyyətli iradəsini görəcəklər. Mən inanıram və əminəm ki, qırx dörd günlük müharibə sonrası qazandığımız uğurumuzun ardı gələcək” – deyə, Fəzail Ağamalı bildirib.