Texnogen qəzalar zamanı susmaq qızıl deyil, bağırmaq da..
Hər dəfə belə olur, ölkədə nəsə bir ekstremal hadisə baş verir və aləm bir-birinə dəyir: hər ağızdan bir avaz gəlir, bir neçə saat əslində nə baş verdiyini kmsə bilmir, heç kim çıxıb gerçəyi demir, şayiələr baş alıb gedir, absurd iddialar, ittihamlar ortalığı başına götürür, millətin ürəyi qopandan sonra məsələyə aydınlıq gətirilir, amma yenə şübhələr qalır.
Bizim rəsmilərdə belə bir patoloji qorxu var ki, baş verən hadisə (terror aktı və ya texnogen qəza) barədə dərhal və dürüst informasiya versələr, bu, xalq arasında çaxnaşmaya səbəb olar, ona görə də susur, vaxt qazanmağa çalışırlar. Əslində isə ajiotajı, çaxnaşmanı məhz bu cür susqunluq və ondan doğan qeyri-müəyyənlik yaradır.
Bu, sovetdənqalma ənənədir, hələ də imtina edilməyib. O vaxt, 1986-cı ilin aprel ayının 26-da Ukraynanın Çernobıl vilayətindəki AES-də dəhşətli partlayış hadisəsi olanda sovet rəsmiləri, yüksək ranqlı məmurlar ictimaiyyətə belə bir məlumat vermişdilər ki, AES-də yüngülvari sızıntı olub, qəzada iki nəfər ölüb. Vəssalam. Hərbi komissarlıqlar isə AES-dəki qəzanın nəticəsini aradan qaldırmaq üçün hərbi toplanış elan etmişdi. Bütün ittifaq ərazisindən ehtiyatda olan müvafiq ixtisaslı əsgər və zabirləri səfərbər edib Ukraynaya daşıyırdılar.
![]()
Bu məsələdə məxfiliyin vacibliyini anlamaq olar, söhbət nüvə partlayışından, yüksək radiasiya fonundan gedirdi. İnsanlar dirigözlü ölümə getməkdən kütləvi şəkildə imtina edə bilərdilər, çaxnaşma düşərdi.
Ancaq dənizdə bir neft platformasında baş verən qəza, neft tankerində törəyən yanğın, bir estakadanın çökməsi, metroda olan texnogen qəza zamanı əhalini eyni cür informasiya blokadasına almağın mənası yoxdur. Xüsusilə də hər kəsin əlində fotoaparat və videokamera olduğu halda bunu etmək absurddur. Çünki adamlar çəkdiklərini bir saniyədə dünyanın o başına göndərmək üçün uyğun texnologiyalara malikdirlər və beləliklə, qəzalara dair heç bir informasiyanı gizlətmək mümkün deyil.

Sadəcə, bir var, baş verən hadisə barədə xəbər mötəbər ağızdan təsdiqlənsin, bir də var, qəzaya dair bulanıq foto və videoları görənlər öz savad və fantaziyalarına əsaslanaraq mühakimə yürütsünlər. Razılaşaq ki, insan fantaziyası sonsuzdur, xüsusilə də ortada siyasi qərəz varsa, adi balıqçı qayığında baş verən yanğını neft tankerinin ballistik raketlə vurulması kimi təqdim edə bilərlər.
![]()
Zatən, hər dəfə bir texnogen qəza zamanı ortalığı qarışdıranlar məhz elələri olur. Onların sırasında islahedilməz fantazyorlar da var, bilərəkdən panika yaratmağa, su bulandırmağa çalışanlar da.
İkincilər düşünürlər ki, əllərinə fürsət düşüb, bir hadisəni ictimaiyyətə şişirdərək, onun ətrafında ajiotaj yaradaraq təqdim etməklə idarə edənlərin necə səriştəsiz, tamahkar olduqlarını bir daha göstərə bilərlər.
Halbuki bu xüsusda qarışqadan fil düzəltməyə ehtiyac yoxdur, onsuz da iqtisadiyyat sektorlarında qüsurlar kifayət qədərdir, onları konstatasiya etmək yetərlidir, hər hadisəyə bir neçə atmosfer təzyiq vurmaq artıq işdir.
![]()
Heç kəs irəli sürülən ittihamların sonrasını fikirləşmir. Bu gün dediyinin yalan olduğu sabah sübut olunanda adamın gücü “yalan deyirlər, əslində o qəzada yüzlərlə adam ölüb” deməyə çatır.
Dünən gecə Xəzərdə baş verən ekstremal hadisənin ətrafında gedən söz-söhbət bir daha göstərdi ki, biz belə situasiyalarda operativ və dürüst informasiya almaq imkanından məhrumuq. Yenə ortalığa “susmaq qızıldır” deyənlər, “malakeşlər” və “dəhşət, ölkə batır” qışqıran panikyorlar çıxdılar. Heç cür bilmək olmurdu ki, Xəzərdə nə baş verib, qəza harada olub, baş verən hadisə təbiət hadisəsidir, yoxsa texnogen qəzadır.
Ən pis variant ikinci ola bilərdi. Lap tutaq ki, texnogen qəza vaş verib, bunu ictimaiyyətdən niyə gizlədəsən? Birincisi, 1-2 günə hər şey hamıya aydın olacaq. İkincisi, texnika əsrində texnogen qəzalar qaçılmazdır və dünyanın bütün ölkələrində baş verir – nə qədər təhlükəsizlik tədbirləri görülsə də. Üçüncüsü, xalq həqiqəti dərhal bilsə belə, üsyana qalxası deyil, sadəcə, təəssüflənəcək, bir müddət sonra öz cari probleminin dərdini çəkəcək.
Bir sözlə, köhnə stereotiplərdən qurtulmaq lazımdır. Hansısa texnogen qəza siyasət hadisəsi deyil.