Deputat Fəzail Ağamalı müəyyən şərtlərlə cütlüklərə toy etməyə icazə verilməlidir
TOYLARA İCAZƏ VERİLMƏSİ NİYƏ ERTƏLƏNİR –
DEPUTATLAR ÇAĞIRIŞ ETDİ
Günlərdir müzakirələr aparılsa da, anonslar verilsə də, hələ ki hökumət toyların keçirilməsinə icazə verməyib. Məlum olduğu kimi, mayın 25-də keçirilmiş Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycanda koronavirus pamdeniyası ilə əlaqədar tətbiq edilmiş karantin qaydaları yumşaldıldı. Ancaq toy məsələsi yenə açıq olaraq qaldı. Ardından Milli Məclisdə keçirilən müzakirələrdə müəyyən qaydalar çərçivəsində, az insanın iştirakı ilə, açıq havada, vaksin şərtilə və sair toyların keçirilə biləcəyi deyildi.
Deputat Fəzail Ağamalı bildirib ki, müəyyən şərtlərlə cütlüklərə toy etməyə icazə verilməlidir: “Toyların niyə başlamamasının səbəbini bilmirəm. Ancaq mən hesab edirəm ki, müəyyən şərtlər və qaydalar nəzərə alınmaqla toy mərasimləri keçirilə bilər. Mən fikirlərimi mətbuatda ifadə etmişəm. Çox elementar bir yanaşma ola bilər. Toy etmək istəyən cütlük, onların yaxınları, çağıracaqları qonaqlar öncədən vaksinasiyadan keçirlər, bu yoluxma ehtimalını da aşağı salır. Toy edənlər dəvət edəcəkləri şəxsləri də əvvəlcədən məlumatlandıra bilərlər ki, peyvənd vurdursunlar. Şadlıq saraylarımız 300-500 nəfərlik tutuma malikdir. Bu o demək deyil ki, 500 nəfər gəlməlidir. Həmin zallarda 100 nəfərlə mərasim keçirmək olar. O cümlədən açıq havada, sosial məsafə gözlənilməklə stollar düzülə bilər. Bu zaman da xidmət edənlərdən, mətbəxdə çalışanlara, iştirakçılara qədər hər kəs vaksinasiyadan keçdikdən sonra, özlərinin yoluxma və yoluxdurma ehtimalının olmadığını ortaya qoyduqdan sonra toy mərasimi keçirilə bilər. Artıq bu dövr qayıtmalıdır. Uzun zamandır gənclərimiz toy gözləyirlər. Valideynlərin toy konfetlərini xonçalarda toz basıb, bu, digər tərəfdən, demoqrafiya problemidir. Toy yoxdursa, doğulan uşaqların sayı azalır. Bununla yanaşı, toy həm də iqtisadi məsələdir. Şadlıq sarayları fəaliyyətə başlayırsa, toy sektorunda canlanma yaranırsa, bu bir çox sahələri hərəkətə gətirir. Kənd təsərrüfatından xidmət sektoruna qədər, iş yerlərinin artmasına qədər hər bir istiqamətdə müsbət isqtisadi təsirləri olacaq. Toyların başlaması sosial sifarişdir, günün tələbidir. Çox arzulayırıq ki, Operativ Qərargah günün reallığını və insanların istəklərini nəzərə alıb toyla bağlı qərar qəbul etsin”.
Kanal4.az
Emin Xuduyev.