Zəngəzurumuz qapılarını ,uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır.
Zəngəzur dəhlizinin yaradılması Azərbaycan üçün yeni tarixin başlanğıcı olmaqla yanaşı, ədalətin də bərpasıdır
44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurumuzun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Tarixə nəzər yetirsək görərik ki, dəhlizin yaradılması üçün istifadə ediləcək Ermənistan ərazisi əslində tarixi Azərbaycan torpaqlarıdır.
Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvanın, o cümlədən ölkəmizin beynəlxalq ticarətdə rolu əhəmiyyətli dərəcədə yüksələcək. Başqa sözlə desək, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi, Naxçıvana Zəngəzur üzərindən dəhlizin açılması həm də tarixi İpək yolunun ən mühüm marşrutlarından birinin işləkliyinin təmin edilməsi deməkdir.
Zəngəzur dəhlizi region üçün sülh, sabitlik, inteqrasiya qarantına çevriləcək. Dəhliz nəinki Azərbaycan və Türkiyəyə, ümumilikdə bütün region dövlətlərinə iqtisadi fayda gətirəcək. Dəhlizin açılması həm də vaxtilə bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin yenidən qayıdışı üçün imkanlar yarada bilər.
Zəngəzur dəhlizi türk dünyasının birliyini gücləndirməklə yanaşı, regionda yaradılan yeni nəqliyyat imkanları hesabına Avropa ilə Asiyanın daha sıx birləşməsinə, bu məsələdə regionun geosiyasi əhəmiyyətinin artmasına da səbəb olacaq.
Kifayət qədər zəngin faydalı qazıntı yataqlarına sahib olan muxtar respublikadan dəhlizin açılması oradakı yataqların işlənməsi üçün yeni emal komplekslərinin yaradılmasına imkan verəcək.
Dəhliz təkcə faydalı qazıntıların işlənməsində deyil, iqtisadiyyatın digər sahələrində də çoxşaxəli inteqrasiyanı təmin edəcək. Naxçıvanda yaradılan yeni iqtisadi imkanlar azad edilmiş rayonlarımızın iqtisadiyyatının qurulmasına, ümumilikdə Azərbaycan iqtisadiyyatının şaxələnməsinə töhfə verəcək.
Settar Heydarov.
Azərişığ-ın Əməkdaşı
Kanal4.az