Türkiyə Rusiyanın ‘qulağının dibində’ daha bir düyməyə basdı
Özbəkistanda Türkiyə və Özbəkistan Silahlı Qüvvələrinin ortaq hərbi təlimləri başlayıb.
Anadolu” agentliyi xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bu gün Termiz şəhərindəki hərbi poliqonda keçiriləcək Özbəkistan-Türkiyə ortaq hərbi təliminin açılış mərasimi təşkil olunub.
Təlimin açılışında Müdafiə Nazirliyi rəsmisi Laziza Usmanov, Cənubi Əməliyyat Bölgəsi komandiri Polat Satvaldiyev və Türkiyə Xüsusi Əməliyyatlar Briqada komandir köməkçisi Rüştü Töredinin başçılığı ilə iki ölkənin xüsusi əməliyyat qüvvələri iştirak ediblər.
Birgə hərbi təlim çərçivəsində iki ölkənin əsgərləri birlikdə 15 kilometrlik xüsusi taktiki dəhlizini keçmək, xüsusi atışlar, yaxın döyüşlər və çətin şərtlərdə sağ qalmaq məşqləri edəcəklər.
Rəsmi səfər çərçivəsində Özbəkistana gələn Baş Qərargah rəisi general Yaşar Gülər 25 martda keçiriləcək ortaq manevrləri izləyəcək.
İki ölkə arasındakı hərbi əməkdaşlıq planı çərçivəsində təşkil olunan birgə təlim 27 martda sona çatacaq.
Qeyd edək ki, Türkiyənin son vaxtlar Mərkəzi Asiyada hərbi aktivliyi Rusiyada xüsusi narahatlıqla izlənilir. Bu günlərdə Qazaxıstanla hərbi əməkdaşlıq sazişinin qüvvəyə minməsi, Özbəkistanla hərbi təlimlər Ankaranın Moskvaya təzyiqi artırdığına işarə edir. Analitiklər Türkiyənin Ukrayna, Liviya, Suriya, Qafqaz və Mərkəzi Asiyadan Rusiyanı dövrəyə alaraq sıxışdırmasını yeni geosiyasi reallıq adlandırırlar.