Qarabağımızda Novruz tonqalı yandırıldı...
Biz uzun illər boyu bir -birimizə "Növbəti bayramı Qarabağmızda qarşılayaq."- deyirdik. Deyirdik və nə gizlədək, növbəti ili doğrudan da Qarabağda, daha dəqiqi işğal altındakı torpaqlarımızda qarşılayacağımıza elə də çox inanmırdıq. Bilirdik ki, o gün gələcək. Amma haçan gələcək, bu suala cavab yox idi. Çünki günəşin üzünü qara buludlar örtən kimi, o günün də qarşısını kəsən erməni havadarları- nəhəng dövlətlər vardı. Ancaq nə qədər qara və sıx olsa da, buludlar bir gün dağılır. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanımız İlham Əliyevin "İRƏLİ!" əmri ilə Müzəffər Ordumuz “Dəmir yumruq"la cəmisi 44 günə dağıtdı o 30 illik buludları.
İndi “Növbəti bayramı Qarabağda qarşılayaq!”- demirik, artıq Qarabağda- doğma, cənab Prezidentin təbirincə desək, “Əziz Şuşa”mızda bayram tonqalı yandırırıq. Tüstüsünü düşmən də görür və kor olur!
Daha “Qarabağ Azərbaycandır” deməyə ehtiyac yoxdur. Hamı görür və bilir ki, Qarabağ Azərbaycandır. Çünki bu bayram günündə Cənab Prezident ailəsi ilə Şuşadadır. Şuşada Cıdır düzündə bayram tonqalı alovlanır, muğam səsi gəlir. Azərbaycan bütün dünyaya göstərdi ki, işğal altında olan torpaqlarını öz gücü, qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!
Üçrəngli bayrağımızı cənnət məkanımız olan Qarabağda əbədi dalğalancaqdır. Artıq Ulu Öndərimiz Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu şaddır. Müqəddəs ruhların şad olduğu bir ölkədə isə hər kəs başını dik tutub gəzə bilər. Biz buna haqq edirik, biz bu haqqı şəhidlərimizin timsalında öz canımızdan keçməyimizlə, qazilərimizin timsalında ölümün gözünə dik baxmağımızla, xalq olaraq Qarabağsızlıqla barışmamağımız, dəmir yumruğa dönüb Ali Baş Komandanın bir əmri ilə düşməni hara lazımdır ora göndərməmizlə qazanmışıq!
Bu Novruz bütün xalqımıza, millətimizə düşərli olsun. Bütün dərdlər unudulsun, üzlərdə təbəssüm, ürəklərdə sevinc bol olsun. Novruz bayramı yeni bir oyanışın, dostluğun, birlik və birliyin çağırışdır. Sevgi dolu, nur dolu, Novruzu qarşılayaq. Novruz bayramımız mübarək olsun! 🇦🇿
Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı və İctimai Nəzarət Koalisiyasının Tərtər rayon şöbə sədri Nəcmiyyə Zeynalzadə.
Kanal4.az
Emin Xuduyev.


