Qüdrətli Ordudan tarixi Zəfərə
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın hərbi qüdrətinin, dövlətimizin gücünün və ordumuzun şanlı tarixinin təntənəsidir. Bu gün təkcə peşə bayramı deyil, həm də Azərbaycan əsgərinin qəhrəmanlığını, zabitlərimizin fədakarlığını və xalq-ordu birliyinin sarsılmazlığını nümayiş etdirən əlamətdar bir tarixdir. Məhz bu birlik və güc sayəsində Azərbaycan xalqı əsrlər boyu arzuladığı tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyünü və suverenliyini təmin etmişdir.
Ulu Öndər Heydər Əliyev milli ordunun dövlət həyatındakı rolunu yüksək qiymətləndirərək deyirdi: “Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir”. Bu fikir Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun və qazandığı uğurların mahiyyətini aydın şəkildə ifadə edir. Çünki müasir Azərbaycan Ordusunun ən böyük üstünlüklərindən biri onun xalqın dəstəyinə və dövlətin siyasi iradəsinə söykənməsidir.
Ümummilli Lider həmçinin vurğulayırdı ki, “Etibarlı, güclü, Vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”. Azərbaycanın müstəqillik tarixinin ilk illərində yaşadığı çətinliklər bu həqiqəti bir daha təsdiqləmişdir. Məhz buna görə də Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, nizami və peşəkar ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Heydər Əliyevin “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur” fikri bu siyasətin nə qədər uzaqgörən olduğunu göstərir. Sonrakı illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Ordumuzun maddi-texniki bazası gücləndirildi, ən müasir silah sistemləri alınaraq silahlı qüvvələrin arsenalına daxil edildi, şəxsi heyətin peşəkarlığı yüksəldildi və döyüş hazırlığı yeni mərhələyə qədəm qoydu.
Azərbaycan Ordusunun artan gücü ilk dəfə geniş şəkildə 2016-cı ilin Aprel döyüşləri zamanı özünü göstərdi. Ermənistanın növbəti təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində ordumuz strateji yüksəklikləri və mühüm əraziləri azad etdi. Dörd gün davam edən döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini, peşəkarlığını və mənəvi üstünlüyünü bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri həm də göstərdi ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil və işğal faktı ilə sonsuza qədər barışmaq niyyətində deyil.
Aprel Zəfəri Vətən müharibəsinə aparan yolun mühüm mərhələsi oldu. Bu döyüşlərdə əldə olunan təcrübə, ordumuzun döyüş ruhu və xalqın qələbəyə olan inamı sonrakı böyük zəfərin təməlini formalaşdırdı. 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsində Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək düşmənin illərlə qurduğu müdafiə xətlərini darmadağın etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində şəhərlərimiz, rayonlarımız və kəndlərimiz işğaldan azad edildi. Şuşa şəhərinin azad olunması isə müharibənin taleyini həll edən mühüm hadisə kimi tarixə düşdü. Azərbaycan Ordusunun peşəkarlığı, hərbi strategiyası və döyüş əzmi qarşısında Ermənistan ordusu tab gətirə bilmədi.
Prezident İlham Əliyev 2021-ci il iyunun 26-da hərbçilərlə görüşündə qeyd etmişdir: “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir”.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycanın əldə etdiyi hərbi-siyasi qələbəni rəsmiləşdirdi. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və bununla da uzun illər davam edən münaqişəyə Azərbaycan xalqının maraqlarına uyğun şəkildə son qoyuldu. Bu sənəd təkcə müharibənin başa çatmasını deyil, həm də Azərbaycanın tarixi Zəfərinin beynəlxalq səviyyədə təsdiqini ifadə edirdi.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi peşəkarlıq dünyanın aparıcı hərbi ekspertləri tərəfindən yüksək qiymətləndirildi. Döyüş əməliyyatlarının planlaşdırılması və icrası müasir müharibə tarixinin uğurlu nümunələrindən biri kimi qəbul edildi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev sonrakı çıxışlarında qeyd etmişdir ki, Azərbaycan Ordusunun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə, onun da heç bir şansı olmayacaqdı. Bu fikir ordumuzun malik olduğu döyüş hazırlığının, texniki imkanların və mənəvi gücün ən yüksək qiymətidir.
Bu gün Azərbaycan Ordusu qalib ordu kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib, işğaldan azad olunmuş torpaqlarda Azərbaycan Bayrağı qürurla dalğalanır. Ordumuzun qazandığı Zəfər yalnız hərbi uğur deyil, eyni zamanda xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və Azərbaycan əsgərinin yenilməz iradəsinin təntənəsidir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbçilərimizi təbrik edir, Vətənimizin keşiyində dayanan qəhrəman oğul və qızlarımıza yeni uğurlar arzulayırıq. Qalib Azərbaycan Ordusunun şanlı tarixi bundan sonra da yeni nailiyyətlərlə zənginləşəcək və dövlətimizin qüdrətinin əsas sütunlarından biri olaraq qalacaqdır.
Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
“Vətən Müharibəsi” iştirakçısı