İçərişəhərdə turizm bələdçiləri üçün elmi-praktik təlim keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasınin Arxeologiya və Antropologiya İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə Arxeologiya və Etnoqrafiya Muzeyində 21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü münasibətilə “Milli, maddi-mədəni irsin qorunması və bələdçilik praktikası” mövzusunda elmi-praktik təlimlər təşkil olunub.
Salamlama nitqi ilə çıxış edən institutun şöbə müdiri Orxan Zamanov mədəni irsin qorunması və düzgün təqdim olunmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirova, ADMİU-nun Muzeyşünaslıq və turizm kafedrasının professoru Lətifə Summerer və baş müəllim Əli Abuzərov turizm bələdçilərinin milli kimliyin təbliğində və ölkənin beynəlxalq imicinin formalaşdırılmasında mühüm rol oynadıqlarını xüsusi qeyd ediblər. Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov “Arxeoloji qazıntıdan arxeoturizmə və muzey arxeologiyasına” mövzusunda məruzə ilə çıxış edib. O, arxeoloji tədqiqatların nəticələrinin turizm marşrutlarına inteqrasiyası, arxeoloji irsin turizm potensialı və muzey mühitində müasir təqdimat mexanizmləri barədə geniş məlumat verib.
Tədbirdə turizm və mədəni irs üzrə ekspert Şahin Şahbazov “Müasir bələdçilik fəaliyyəti və kommunikasiya bacarıqları” mövzusunda təqdimatla çıxış edib. Ş.Şahbazov qeyd edib ki, müasir turizm bələdçisi sadəcə faktları sadalayan şəxs deyil, ölkənin tarixini, mədəniyyətini və dəyərlərini canlı şəkildə auditoriyaya çatdıran mədəniyyət səfiridir. O vurğulayıb ki, peşəkar bələdçilik etik davranış prinsipləri və güclü kommunikasiya bacarıqları üzərində qurulmalıdır.
Təlimlərdə müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Elmi-praktik təlimlərin 24 fevral 2026-cı ilədək davam edəcəyi bildirilib.




