Qarabağ qazisi Taleh Camalovun təşəbbüsü ilə Ramazan ayında şəhid ailələri üçün iftar süfrəsi təşkil olundu-FOTO
Ramazan ayının mənəvi dəyərlərini, birlik və həmrəyliyi təcəssüm etdirən növbəti xeyirxah tədbir Salyan rayonunda həyata keçirilib. İkinci Qarabağ müharibəsinin qazisi, 1-ci qrup Qarabağ qazisi Taleh Camalovun təşəbbüsü və təşkilatçılığı ilə şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.
Tədbirin əsas məqsədi Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələrinə diqqət və qayğı göstərmək, onların yanında olduqlarını bir daha nümayiş etdirmək olub. İftar süfrəsində şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Milli Məclisin deputatı Günay Ağamalı çıxış edərək qeyd edib ki, şəhid ailələri hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzindədir. O vurğulayıb ki, şəhid ailələrinə göstərilən qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu siyasət ardıcıl şəkildə davam etdirilir.
İftar mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri, media nümayəndələri, eləcə də bir neçə dövlət qurumunun rəhbərləri iştirak ediblər.
Çıxış edənlər Ramazan ayının insanları mərhəmətə, paylaşmağa və birliyə çağırdığını bildirərək, bu kimi tədbirlərin cəmiyyət üçün xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər. Səmimi və mənəvi mühitdə keçən iftar süfrəsi şəhid ailələri tərəfindən yüksək dəyərləndirilib. Onlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, belə tədbirlərin davamlı olmasını arzuladıqlarını ifadə ediblər.
Tədbirin keçirilməsində Hacı oğlu Ailəvi restoranı dəstək göstərib.
Bu cür təşəbbüslər bir daha sübut edir ki, Azərbaycan xalqı şəhidlərini unutmur, onların ailələrini daim uca tutur və milli-mənəvi dəyərlərimiz əsasında birliyini qoruyur.