Azərbaycan–Serbiya Strateji İqtisadi Tərəfdaşlığı”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasına səfəri çərçivəsində verdiyi bəyanat iki ölkə arasında münasibətlərin artıq siyasi dialoq mərhələsini geridə qoyaraq dərin iqtisadi və investisiya əməkdaşlığı müstəvisinə keçdiyini nümayiş etdirdi. Dövlət başçısının “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” fikri bu münasibətlərin mahiyyətini və gələcək istiqamətini aydın şəkildə ifadə edir. Bu yanaşma təsadüfi deyil, qarşılıqlı etimada, sabit siyasi əlaqələrə və uzunmüddətli strateji baxışa əsaslanır.
Müasir beynəlxalq münasibətlər sistemində investisiya əməkdaşlığı yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Bu, həm də tərəfdaş ölkəyə göstərilən etimadın göstəricisidir. Azərbaycan Serbiyanı sabit, islahatlar aparan, əlverişli investisiya mühiti formalaşdırmış ölkə kimi qiymətləndirir. Prezident İlham Əliyevin bəyanatında da vurğulandığı kimi, əgər Serbiyada investisiya iqlimi müsbət olmasaydı, xarici sərmayəçilər, o cümlədən Azərbaycan tərəfi belə genişmiqyaslı layihələrdə iştirak etməyə hazır olmazdı. Deməli, Bakı ilə Belqrad arasında qurulan iqtisadi körpü qarşılıqlı hörmət və real iqtisadi əsaslara söykənir.
Azərbaycanın son illərdə qazandığı iqtisadi təcrübə və maliyyə imkanları xarici bazarlarda aktiv iştirak üçün ciddi zəmin yaradıb. Ölkəmiz artıq yalnız enerji ixracatçısı kimi deyil, həm də investor dövlət kimi çıxış edir. Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olmaq Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə artan rolunun göstəricisidir. Bu investisiyalar xüsusilə energetika, infrastruktur və sənaye sahələrində həyata keçirilə bilər ki, bu da hər iki ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğun gəlir.
Energetika sahəsində planlaşdırılan birgə layihələr bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Elektrik stansiyalarının tikintisi və mövcud enerji obyektlərinin modernləşdirilməsi Serbiyanın daxili enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, Azərbaycan üçün də sərmayələrin səmərəli yerləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr həm istehsal gücünün artırılmasına, həm də enerji bazarının sabitləşməsinə xidmət edir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, daxili enerji istehsalı hər bir ölkənin müstəqilliyinin əsas elementlərindəndir və bu sahədə əməkdaşlıq iki tərəf üçün də strateji dividendlər vəd edir.
Azərbaycanın Serbiyaya təbii qaz ixrac etməsi və bu həcmin artırılması barədə razılıq əldə olunması isə investisiya əməkdaşlığının enerji ticarəti ilə paralel inkişaf etdiyini göstərir. Qazın elektrik enerjisinə çevrilməsi və gələcəkdə təmiz enerji istehsalı imkanlarının genişlənməsi həm Serbiya bazarı, həm də ixrac perspektivləri üçün yeni üfüqlər açır. Bu, eyni zamanda, Avropa enerji məkanında yeni əməkdaşlıq formatlarının formalaşmasına zəmin yaradır.
Sərmayə qoyuluşu təkcə iqtisadi göstəricilərlə ölçülmür. Bu, həm də iki ölkə arasında siyasi etimadın və strateji tərəfdaşlığın möhkəmliyini əks etdirir. Azərbaycan və Serbiya beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyərək prinsipial mövqe nümayiş etdirirlər. Bu siyasi həmrəylik iqtisadi münasibətlərin genişlənməsi üçün sabit zəmin yaradır. Qarşılıqlı dəstək və strateji baxış investisiya layihələrinin davamlılığını təmin edən əsas amillərdəndir.
Bundan əlavə, Azərbaycan sərmayəsinin Serbiyaya yönəlməsi regionda yeni iqtisadi əlaqələr zəncirinin formalaşmasına da təkan verə bilər. Birgə layihələr nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, sənaye kooperasiyasının qurulması və yeni texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir. Bu əməkdaşlıq Balkan regionunda iqtisadi sabitliyin və inkişafın möhkəmlənməsinə töhfə verə bilər.
Azərbaycanın maliyyə imkanları və xarici investisiya təcrübəsi belə layihələrin uğurla icrasına imkan verir. Uzun illər beynəlxalq enerji layihələrində iştirak etmiş ölkəmiz böyük transmilli şirkətlərlə işləmək bacarığına malikdir. Bu təcrübə Serbiyada həyata keçiriləcək layihələrin planlaşdırılması və icrası zamanı da öz müsbət təsirini göstərəcək. İqtisadi əsaslandırma, texniki bilik və maliyyə resurslarının vəhdəti investisiyaların effektivliyini artıracaq.
Bir sözlə, “Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır” fikri iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcını simvolizə edir. Bu, sırf iqtisadi bəyanat deyil, strateji tərəfdaşlığın dərinləşməsinə yönəlmiş siyasi və iqtisadi iradənin ifadəsidir. Qarşılıqlı etimada, sabitliyə və uzunmüddətli baxışa əsaslanan bu əməkdaşlıq gələcək illərdə həm Azərbaycan, həm də Serbiya üçün yeni inkişaf imkanları yaradacaq. Sərmayə tərəfdaşlığı iki ölkəni daha da yaxınlaşdıraraq, regional iqtisadi dinamikanın formalaşmasında mühüm rol oynayacaq.
Ülviyyə Ağalarova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı