Müəllimi güllələdi Məktəbdə baş verən faciə: günahkar kimdir?
Bakıda yerləşən “İdrak” liseyində baş verən faciəvi hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub.
Onuncu sinif şagirdinin müəllimini odlu silahla yaralaması yalnız bir məktəbin deyil, bütövlükdə cəmiyyətin üzləşdiyi mənəvi və tərbiyəvi problemləri yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Kanal4.az saytına Salyan rayonunun Şorsulu kənd inzibati dairəsi üzrə ərazi nümayəndəliyinin kənsəviti, ictimai fəal Fuad Qəhrəmanovla həm söhbət olduq baş verən hadisə ilə bağlı Fuad müəllimin müsahibəsini təqdim edirik.
Salam hər vaxtınız xeyirli olsun Fuad müəllim, məktəbdə baş verən bu hadisə ilə bağlı nə deyə bilərsiniz?
Baş verən hadisə hamımız üçün böyük sarsıntıdır. Bu təkcə bir müəllimə qarşı törədilmiş zorakılıq deyil, eyni zamanda cəmiyyətin üzləşdiyi dərin mənəvi və psixoloji problemlərin acı nəticəsidir. Heç bir uşaq zorakılıq meyli ilə doğulmur. Deməli, bu düşüncə sonradan formalaşır və burada məsuliyyət tək bir şəxsin deyil, bütöv mühitin üzərinə düşür.
Sizcə, bu cür hadisələrin arxasında duran əsas səbəblər nələrdir?
İlk növbədə ailə nəzarətinin zəifləməsi diqqət çəkir. Valideynlər övladlarının psixoloji vəziyyəti və gündəlik davranışları ilə daha yaxından maraqlanmalıdır. Digər tərəfdən sosial şəbəkələrdə aqressiya və zorakılığın qəhrəmanlıq kimi təqdim olunması yeniyetmələrə mənfi təsir göstərir. İctimai qınağın zəifləməsi də bu prosesi sürətləndirir.
Məktəblərin rolu və müəllimlərin imkanları barədə nə deyə bilərsiniz?
Müəllim təkbaşına bütün problemlərin öhdəsindən gələ bilməz. Müasir dövrdə müəllimlər həm hüquqi məhdudiyyətlər, həm də sosial təzyiqlər səbəbindən bəzən təsir imkanlarını itirirlər. Məktəb tərbiyə ocağı olmalıdır, sadəcə dərs keçilən məkan deyil. Bunun üçün psixoloqların sayı artırılmalı, məktəb daxilində nəzarət və tərbiyə mexanizmləri gücləndirilməlidir.
Bəzi fikirlərə görə, yeniyetmələrin formalaşmasında kişi müəllim və nümunə çatışmazlığı da rol oynayır. Bu barədə nə düşünürsünüz?
Məncə, bu da mühüm faktordur. Yeniyetmə oğlanların inkişaf dövründə düzgün rol modellərinə ehtiyacı var. Məktəblərdə kişi müəllimlərin, psixoloqların və mentorların sayının artırılması sağlam mühitin formalaşmasına müsbət təsir edə bilər.
Son olaraq cəmiyyətə mesajınız nədir?
Bu gün susmaq, “mənə aid deyil” demək sabah daha ağır faciələrə yol aça bilər. Hər bir valideyn, müəllim və vətəndaş bu məsələdə məsuliyyət hiss etməlidir. Məktəbdə baş verən hər bir zorakılıq hadisəsi əslində cəmiyyətin özünə vurduğu zərbədir. Əgər sağlam gələcək istəyiriksə, bu problemlərə birlikdə və ciddi yanaşmalıyıq.