"Azərbaycan bu məsələdə ədalətli və açıq mövqe gözləyir" - DEPUTAT
"AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasından bir il keçir. Faciə nəticəsində həyatını itirən günahsız insanların xatirəsini dərin hüzn və ehtiramla yad edirik. Faciədən bir il keçməsinə baxmayaraq, təəssüf ki, Rusiya tərəfinin bu məsələyə münasibəti hələ də beynəlxalq hüququn tələblərinə və ikitərəfli münasibətlərə uyğun deyil. Hadisənin baş verdiyi ilk günlərdə səsləndirilən fikirlər qətiyyən reallıqla uzlaşmır".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, Dövlət Başçılarının Tacikistanda baş tutan görüşündən sonra Rusiya Prezidenti tərəfindən müəyyən açıqlamalar verildi, üzrxahlıq ifadə olundu, istintaqın aparılacağı, günahkarların cəzalandırılacağı və zərərin ödəniləcəyi bildirildi, lakin, üzərindən xeyli zaman keçməsinə baxmayaraq, bu vədlərin praktik nəticəsini görmürük:
"İstintaq materialları təyyarənin kənar müdaxilə nəticəsində vurulduğunu birmənalı şəkildə ortaya qoyur. Buna baxmayaraq, rəsmi Moskvadan hələ də qəti və adekvat mövqe ortaya qoyulmayıb, müqəssirlər cəzalandırılmayıb. Bu yanaşma təbii olaraq Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir və dövlətlərarası sazişlərin məzmunu ilə ziddiyyət təşkil edir.
Hesab edirəm ki, mövcud vəziyyətin dəyişməsi yalnız Rusiyanın məsələyə məhz ədalət prinsipləri fonunda konkret addımlarla yanaşdığı halda mümkündür. Beynəlxalq hüquq normalarına uyğun hərəkət edilmədikcə etimadın bərpasından və münasibətlərin normallaşmasından danışmaq mümkünsüzdür. Azərbaycan bu məsələdə ədalətli və açıq mövqe gözləyir".