Zəfərdən quruculuğa: Prezident İlham Əliyevin liderlik missiyası
Müqəddəs torpaqlarımızın azadlığı və bərpası yolunda Böyük Qayıdışın həyata keçirilməsi Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyinin parlaq nümunəsidir. Onun rəhbərliyi altında azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə icra olunur, məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları və su anbarları tikilir. Artıq 60 mindən çox insan bu torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bu tarixi nailiyyətlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini daha da zənginləşdirir və gələcək nəsillər üçün əbədi qürur mənbəyinə çevrilir.
Prezident İlham Əliyev 2022-ci il 16 noyabr tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalamış, bu proqram Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərindən biri kimi müəyyən edilmişdir. Proqram Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edir və burada aparılan bərpa-quruculuq işlərinin miqyası və sürəti postmünaqişə dövründə beynəlxalq təcrübəyə nümunə hesab olunur.
Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə 569 tədbirdə iştirak etmiş, 177 layihənin təməlini qoymuş, 167 obyektin açılışını etmişdir. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası davam edir, 21 yaşayış məntəqəsinin isə təməli qoyulmuşdur. Eyni zamanda, 240 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənmiş, 3 beynəlxalq hava limanı istifadəyə verilmiş, avtomobil və dəmir yolları, körpülər, su və enerji infrastrukturu inşa edilmişdir.
2025-ci il 31 oktyabr tarixinə qədər işğaldan azad edilmiş ərazilərdə 5256 ailə, ümumilikdə 20 min nəfərə yaxın sakin məskunlaşdırılmışdır. Hazırda bu ərazilərdə dövlət və özəl sektorda çalışan, təhsil alanlar da daxil olmaqla 62 mindən çox insan həyatını davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı istiqamətində artıq 6,3 min nəfər işlə təmin edilmiş, peşə kursları və kiçik ailə biznesləri yaradılmışdır.
Ağdam və Cəbrayıl rayonlarında salınmış “Araz Vadisi İqtisadi Zonası”nda 57 müəssisə fəaliyyət göstərir, 1057 yeni iş yeri yaradılmışdır. Qələbə yalnız torpaqlarımızın azad olunmasını deyil, həm də regiona sülh, davamlı inkişaf və strateji imkanlar gətirmişdir. İşğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası və yeni beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin istifadəyə verilməsi Azərbaycanın inkişafına əlavə təkan vermişdir.
Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində işğaldan azad edilmiş torpaqlar yalnız bərpa olunmur, həm də Azərbaycan dövlətinin güc və sarsılmazlığının simvoluna çevrilir. Bu torpaqlarda həyata keçirilən hər bir layihə, yaradılan hər bir iş yeri və təhsil müəssisəsi onun gələcəyə xidmət edən strategiyasının təzahürüdür. Azərbaycan Bayrağı azad Qarabağda əbədi dalğalanacaq və xalqımızın müzəffər iradəsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə, əbədi qalibiyyət hekayəsinə çevriləcəkdir.