Prezidentlik dövrü və siyasi sabitliyin təmin olunması
Bir dövlətin tarixində elə anlar olur ki, orada liderin şəxsiyyəti xalqın taleyi ilə tamamilə vəhdət təşkil edir. Azərbaycan vətəndaşı olaraq geriyə dönüb son iyirmi ilə nəzər saldıqda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyini təkcə bir siyasi idarəçilik dövrü deyil, həm də xalqın sınmış qürurunun bərpası və milli özünəinamın intibahı kimi görürük. Bu fəaliyyət proqramı, hər bir azərbaycanlının həyatına toxunan bir neçə təməl sütun üzərində qurulub.
Azərbaycan Respublikasının müasir inkişaf mərhələsi güclü dövlətçilik ənənələri, ardıcıl siyasi kurs və milli maraqlara əsaslanan idarəetmə modeli ilə səciyyələnir. Bu inkişafın mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli və sistemli fəaliyyəti dayanır. Onun rəhbərliyi dövründə Azərbaycan daxili siyasi sabitliyini möhkəmləndirmiş, iqtisadi müstəqilliyini təmin etmiş, beynəlxalq münasibətlər sistemində etibarlı və prinsipial tərəfdaş kimi mövqeyini daha da gücləndirmişdir.
Prezident cənab İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, milli maraqların qorunmasına və ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla həyata keçirilməsinə xidmət edir.
Vətəndaş üçün ən böyük nemət daxili sabitlikdir. Qlobal dünyada xaosun, müharibələrin və dövlətlərin iflasının yaşandığı bir dövrdə Azərbaycanın "sabitlik adası" kimi qalması təsadüfi deyil. Bu sabitlik təkcə daxili asayişin qorunması deyil, Prezident İlham Əliyevin son 22 ildə həyata keçirdiyi uzaqgörən dövlətçilik kursunun, xalq-iqtidar birliyinin və sarsılmaz milli iradənin məntiqi nəticəsidir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi bu sabitliyin hüquqi və siyasi zirvəsini təşkil edir.
İlham Əliyevin fəaliyyətinin ən möhtəşəm zirvəsi 30 illik işğala son qoyan 44 günlük Vətən Müharibəsidir. 2020-ci ildə əldə edilən tarixi zəfər, 2023-cü ildəki lokal antiterror tədbirləri ilə suverenliyimizin tam bərpası Azərbaycanın hərbi və diplomatik gücünü bütün dünyaya nümayiş etdirdi. Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımız dövlət başçısının “nəyi, necə və nə vaxt etmək lazım olduğunu” ən yaxşı bilən Lider olduğunun təsdiqidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu qələbə, sadəcə hərbi uğur deyil, onilliklər boyu səbirlə və dəqiqliklə hesablanmış “Dəmir Yumruq” strategiyasının məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında sərkərdə, həm də informasiya cəbhəsində qətiyyətli natiq kimi çıxış edərək xalq-dövlət-ordu birliyini polad bir gücə çevirdi.
Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan bu tarixi qələbə, həm də Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən cızdı. Bu gün biz təkcə hərbi qələbəmizlə deyil, həm də işğaldan azad edilmiş torpaqlarda apardığımız misilsiz quruculuq işləri ilə dünyanı heyrətləndiririk. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ucaldılan müasir şəhərlər, “Ağıllı kənd”lər və beynəlxalq hava limanları Azərbaycanın daxili iqtisadi gücünün və xalqımızın yaradıcılıq ruhunun təzahürüdür. Azərbaycan artıq regionda diktə edən tərəfdir. Cənab Prezidentin təklif etdiyi sülh gündəliyi və Zəngəzur dəhlizi kimi nəhəng nəqliyyat layihələri təkcə ölkəmiz üçün deyil, bütün Avrasiya regionu üçün iqtisadi dividend vəd edir. Ermənistanla sərhədlərin delimitasiyası prosesinin ikitərəfli formatda, kənar müdaxilə olmadan uğurla aparılması isə dövlət başçımızın diplomatik məharətinin növbəti qələbəsidir.
Qürurverici reallıqlardan biri də odur ki, cənab İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq platformada real statusu Prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilir. Onun daşıdığı missiyanın qlobal miqyası, ümumiyyətlə, hansısa vəzifəylə əlaqələndirilmir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır. Əminliklə deyə bilərik ki, 2003-cü ildən bəri Prezident İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı daha böyük zirvələri fəth edəcək. Biz qalib xalqın qalib dövlətində yaşayırıq və bu qüruru bizə bəxş edən müasir Azərbaycanın memarı cənab İlham Əliyevdir.
Prezidentin siyasi sabitliyi qorumaq metodlarından biri də cəmiyyətdə barışıq və humanizm mühitini təmin etməkdir. 2025-ci ilin dekabrında imzalanan genişmiqyaslı amnistiya aktı və əfv sərəncamları dövlətin gücünü deyil, humanist mahiyyətini nümayiş etdirir. Bu addımlar dövlət-vətəndaş münasibətlərini daha da sıxlaşdırır və radikal meyllərin qarşısını alır.
Müasir Azərbaycan dövlətçiliyinin ən mühüm prinsiplərindən biri güclü iqtisadiyyatın sosial rifahla vəhdət təşkil etməsidir. Dövlət başçısı İlham Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyası ölkəmizi postsovet məkanında və regionda ən qabaqcıl sosial dövlətlərdən birinə çevirib. Xüsusilə son illərin qlobal iqtisadi çağırışları fonunda Azərbaycanın sosial proqramların icrasını nəinki dayandırmaması, əksinə, daha da genişləndirməsi milli inkişaf modelimizin dayanıqlılığının göstəricisidir.
Xüsusilə qeyd etmək lazımdır ki, şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial təminatı Prezidentin diqqət mərkəzindədir. Minlərlə ailə yeni mənzillərlə təmin olunmuş, reabilitasiya və sosial xidmət infrastrukturu genişləndirilmişdir. Bu siyasət dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Şirinxanım Səmədova,
Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin direktoru