Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji istiqamətlərindən biri humanizmdir
Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra hüquqi, demokratik və humanist prinsiplərə əsaslanan inkişaf yolu seçmişdir. Bu yolun təməlində Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dayanır. Konstitusiya müasir dövlətçiliyimizin əsas hüquqi dayağı olmaqla yanaşı, insan hüquq və azadlıqlarının təminatçısı kimi mühüm rol oynayır. Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.
Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji istiqamətlərindən biri humanizmdir. Dövlət başçısının fəaliyyətində insan amili, sosial ədalət, mərhəmət və vətəndaş rifahı daim ön planda tutulur. Bu humanist yanaşma cinayət-hüquq siyasətində də öz əksini tapır və cəzanın təkcə cəzalandırma deyil, həm də tərbiyəvi mahiyyət daşıması prinsipi əsas götürülür.
Məhz bu baxımdan Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Suverenliyimizin tam bərpası, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunması xalqımızın tarixi qələbəsidir. Prezident İlham Əliyev bu tarixi nailiyyəti humanizm və mərhəmət ənənələri ilə birləşdirərək 15 dekabr 2025-ci ildə amnistiya təşəbbüsü ilə çıxış etmişdir .
Amnistiya aktı xüsusilə Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatlarında iştirak etmiş şəxsləri, şəhid ailələrini, müharibə nəticəsində əlil olmuş şəxsləri, qadınları, yaşlıları və yetkinlik yaşına çatmayanları əhatə edir. Bununla yanaşı, az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş şəxslərin də cəzadan azad olunması və ya cəzalarının azaldılması nəzərdə tutulur. Bu, dövlətin öz vətəndaşına olan etimadının və mərhəmətli münasibətinin bariz nümunəsidir.
Bu təşəbbüs müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya kimi qiymətləndirilir. Ümumilikdə 20 mindən çox şəxsi əhatə edəcəyi gözlənilən bu amnistiya dövlətin humanist mahiyyətini, hüquqi dövlət prinsipinə sadiqliyini və cəmiyyətin sağlamlaşmasına verdiyi önəmi aydın şəkildə göstərir.
Amnistiya dövlətin vətəndaşa verdiyi ikinci şans, hüquqla mərhəmətin balanslaşdırılmış tətbiqidir. Xüsusilə müharibə iştirakçıları, şəhid ailələri, sosial həssas qruplar və az ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin amnistiya ilə əhatə olunması sosial ədalət prinsipinin praktik təzahürüdür.
Müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya aktlarından biri kimi qiymətləndirilən bu qərar dövlətlə cəmiyyət arasında qarşılıqlı etimadı gücləndirir. Güclü və suveren dövlət yalnız sərt hüquqi mexanizmlərlə deyil, həm də humanist qərarlarla öz nüfuzunu möhkəmləndirir. Bu mənada amnistiya daxili sabitliyin, ictimai barışın və hüquqi şüurun formalaşmasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Konstitusiya prinsiplərinə sadiqliyin, suveren dövlət düşüncəsinin və humanist idarəetmə modelinin məntiqi nəticəsidir. Bu təşəbbüs göstərir ki, müasir Azərbaycan dövləti gücünü yalnız qanunların sərtliyində deyil, həmin qanunların insan amilinə xidmət etməsində görür. Konstitusiya, suverenlik və humanizm bu siyasətdə bir-birini tamamlayan əsas dəyərlər kimi çıxış edir.
Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib.
Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub.
Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Prezident İlham Əliyevin amnistiya təşəbbüsü Azərbaycan dövlətçiliyinin humanist dəyərlərə əsaslandığını, Konstitusiya və suverenlik anlayışlarının insan amili ilə vəhdət təşkil etdiyini sübut edir. Bu təşəbbüs təkcə hüquqi akt deyil, həm də cəmiyyətə verilən mənəvi mesaj, dövlətlə vətəndaş arasında etimadın möhkəmləndirilməsidir.
Müəllif: Rövşən Salamov
Qax RİHB Zəyəm kənd İƏD üzrə nümayəndə