Bu qanun gənclərin qorunmasına və uzunmüddətli səhiyyə yükünün azaldılmasına xidmət edir.
Bu gün Milli Məclisdə maye əsaslı elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanun layihələri müzakirə edildi. Bu qadağa ictimai sağlamlığın qorunması baxımından vacib və vaxtında atılmış önəmli addımdır. Hazırda bu məhsullar bir çox ölkələrdə qadağan olunub.
Elektron siqaretlər xüsusilə gənclər arasında nikotin asılılığının artmasına səbəb olur. Cəlbedici dadlar və dizayn bu məhsulları zərərsiz kimi təqdim edir və istifadəyə başlamağı asanlaşdırır. Bu isə gələcəkdə həm nikotin asılılığını, həm də tütün məhsullarına keçidi artırır və müxtəlif xəstəliklərə səbəb olur.
Eyni zamanda, bu məhsulların keyfiyyətinə nəzarət çətindir və bazarda qeyri-qanuni, tərkibi şübhəli məhsullar geniş yayılıb. Onların yaratdığı buxarların tənəffüs yollarına və ümumi sağlamlığa zərərli təsirləri elmi şəkildə sübut olunub.
Qadağa həm də dövlətin profilaktik səhiyyə siyasətinə uyğundur: xəstəlikləri sonradan müalicə etməkdənsə, risklərin əvvəlcədən qarşısını almaq daha səmərəlidir. Bu qərar gənclərin qorunmasına və uzunmüddətli səhiyyə yükünün azaldılmasına xidmət edir.