Azərbaycan Slovakiya münasibətləri regional sabitliyə töhfədir
Dekabr ayının 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya ilk rəsmi
səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi,
mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş
addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının
inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir.
Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin
əvvəllərindən bəri davamlı və sistemli şəkildə inkişaf edir. Slovakiya Azərbaycanın
müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik
münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub. Ötən müddət ərzində iki ölkə
arasındakı diplomatik əlaqələr möhkəmlənib və strateji əməkdaşlıq üçün də
əlverişli zəmin yaranıb.
Səfər çərçivəsində Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya
Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri
olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Slovakiya Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevlə birgə
mətbuata bəyanatları zamanı ilk ölaraq bildirib ki, “bu, Azərbaycan Prezidentinin
Slovakiyaya tarixdə ilk rəsmi səfəridir. Bu, bizim qarşılıqlı marağımızı ən yüksək
səviyyədə təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək
niyyətindəyik. Biz cənab Prezidentlə geniş tərkibdə və təkbətək formatda geniş
müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşmüşük. Hər zaman olduğu kimi,
görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki bizim ölkələrimiz
dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub”.
Slovakiya Prezidenti qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın ən böyük
iqtisadiyyatına malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin
enerji resurslarına malikdir. “Çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır
və ciddi artım var. Biz qeyd etdik ki, bu sahədə hələ də istifadə edilməmiş
potensial var”, - deyə o əlavə edib.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat üçün bəyanatı zamanı iki ölkə
arasında əlaqələrin genişlənməsi və bir sıra digər mühüm məsələlərə toxunub. İlk
növbədə qeyd edilib ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost
ölkələrdir və strateji tərəfdaşlardır. Keçən il Slovakiya ilə Azərbaycanın Strateji
Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında
əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra
bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.
Bildirilib ki, Azərbaycanın üstünlüyü ondadır ki, bizdə kifayət qədər böyük enerji
potensialı var. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda istifadə
olunmayan enerji potensialı təxminən iki giqavata bərabərdir və növbəti beş il
ərzində bu, səkkiz giqavata çatdırılacaq. “Təbii ki, süni intellekt və data
mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir”, - deyə
Azərbaycan Prezidenti əlavə edib.
İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat sahəsinə
əlavə vəsait qoyulması nəzərdə tutulub. Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı
müəyyən bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna
qoyulan sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına
sevirib. Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı
Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən
keçir.
Bu gün Azərbaycan öz təbii qazını 14 ölkəyə ixrac edir və boru kəmərləri ilə ixrac
edilən qazın təchizatçısı kimi lider dövlətdir. Ölkə başçısının qeyd etdiyi kimi:
“Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii
ki, həm Slovakiyaya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da
böyük həcmdə mümkün olacaqdır”.
İki ölkə arasındakı hərbi və müdafiə əməkdaşlığı da genişlənməkdədir. Azərbaycan
Prezidenti İlham Əliyev bu ilin noyabrında Slovakiya Baş nazirinin müavini və
müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Kalinak Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş
hərbi paradda iştirak edərək iki ölkə arasında hərbi və strateji əməkdaşlığın
əhəmiyyətini vurğulayıb. Bu, həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq
perspektivlərinin açılmasına işarədir.
Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri dost ölkələr arasında
əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət
edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır,
yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye
əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri
olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.
YAP Qax rayon Təşkilatının mühasibi
Rəhim Hacızadə