Qubada Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
2025-ci il “ Konistitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü il dönümü ilə əlaqədar “Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha möhtəşəm zəfərlər qazanacaq” mövzusunda tədbir keçirilmişdır.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, şəhid ailələri, partiya veteranları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Yeni Azərbaycan Partiyasının 33 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm rolu, dövlətçilik prinsip və dəyərlərinin qorunmasında partiyanın əvəzsiz fəaliyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşan YAP bu illər ərzində Azərbaycanın sabitlik, inkişaf və birlik modelinin əsas siyasi dayağına çevrilib.
Natiqlər qeyd ediblər ki, Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz regional və qlobal miqyasda mövqelərini daha da gücləndirib, sosial-iqtisadi yüksəliş və milli həmrəyliyin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Çıxışlarda vurğulanıb ki, 33 illik zəngin inkişaf yolu YAP-ın milli maraqları prioritet götürən, cəmiyyətin bütün təbəqələrini birləşdirən aparıcı siyasi qüvvə olduğunu bir daha sübut edir.
Tədbir iştirakçıları həmçinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının dövlətçilik tariximizdə dönüş nöqtəsi olduğunu, bu tarixi qələbənin əldə edilməsində YAP-ın sistemli siyasi xəttinin mühüm rol oynadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, partiyanın bundan sonrakı məqsədi ölkəmizin dayanıqlı inkişafını, güclü dövlət və rifah cəmiyyətinin qurulmasını təmin edən strateji hədəflərə xidmət etməkdir.
Sonda bildirilib ki, Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyət yolu xalqın inamı, dövlətin gücü və milli idealların vəhdətindən yaranan böyük siyasi məktəbin parlaq təcəssümüdür.
Ardınca partiyaya yeni üzv qəbul olunan şəhid valideynlərinə YAP üzvlük vəsiqələri təqdim edilib. Həmçinin YAP Quba rayon təşkilatının 10 000-ci üzvünə də üzvlük vəsiqəsi təqdim olunub
Daha sonra Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Video materialda partiyanın dövlətçilik tarixindəki rolunu və əldə etdiyi nailiyyətləri əks etdirən məqamlar təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib, mədəniyyət işçiləri tərəfindən müxtəlif musiqi nömrələri təqdim olunub.




