Azərbaycanın xilası – Heydər Əliyevin adı ilə bağlıdır
XX əsrin sonlarında Azərbaycan tarixinin ən ağır, ən faciəli günlərini yaşayırdı. Müstəqilliyini yeni bərpa edən ölkə daxili çəkişmələr, siyasi xaos, vətəndaş qarşıdurması, separatçılıq və xarici təzyiqlər fonunda uçurumun kənarına gətirilmişdi. Dövlətin sütunları sarsılmış, parçalanma təhlükəsi hər addımda özünü göstərirdi. Belə bir məqamda xalqımızın ümid yeri yalnız bir şəxsiyyətə idi Ulu Öndər Heydər Əliyevə.
Azərbaycanın yeganə xilaskarı məhz Heydər Əliyev oldu. Əgər Ulu Öndər xalqın çağırışına səs verib Vətənə qayıtmasaydı, bu gün Azərbaycan adlı bir dövlətin mövcud olub-olmayacağı böyük bir sual altında qalacaqdı. Heydər Əliyevin qətiyyəti, müdrikliyi və siyasi iradəsi sayəsində dağılmaqda olan dövlət yenidən ayağa qalxdı, anarxiya və özbaşınalıq sona çatdırıldı, xalqın gələcəyə inamı bərpa edildi.
O, Azərbaycanın dövlətçiliyini qoruyub saxladı, möhkəm təməllər üzərində inkişaf yoluna çıxardı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkə həm daxili sabitliyini, həm də beynəlxalq nüfuzunu bərpa etdi. Heydər Əliyev təkcə bir siyasi lider deyil, həm də millətinin taleyini dəyişən tarixi şəxsiyyət, dövlətin qurucusu və memarı oldu.
Bu gün onun yolunu layiqincə davam etdirən, Heydər Əliyev siyasətini zəmanəyə uyğun inkişaf etdirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. İlham Əliyev qətiyyətli liderliyi, uzaqgörən siyasəti və dəmir iradəsi ilə Azərbaycanı regionun ən güclü dövlətinə çevirdi, ölkəmizi dünyada tanıtdı və güclü, qüdrətli Azərbaycan reallığını yaratdı.
Əgər Heydər Əliyev ölkəni uçurumdan xilas edən xilaskar idisə, İlham Əliyev bu xilası möhtəşəm qələbələrlə taclandıran liderdir. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarixi zəfərə imza atdı, torpaqlarımızı düşmən işğalından azad etdi və xalqımızın onilliklər boyu həsrətini gerçəkləşdirdi.
Tarix sübut etdi ki, Heydər Əliyev və İlham Əliyev Azərbaycan xalqının ən böyük dövlətçilik simvollarıdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində bu gün Azərbaycan güclü, qalib və qüdrətli bir dövlətdir.
Ceyhunə Şirəliyeva