Azərbaycan–Macarıstan münasibətləri: Avropa ilə Şərqin etibarlı körpüsü”
Azərbaycan və Macarıstan arasında münasibətlər artıq təkcə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində yox, Avrasiya məkanında yeni strateji dinamika yaradan bir tərəfdaşlıq modeli kimi dəyərləndirilir. Son illərdə bu münasibətlər “dostluq”dan “strateji tərəfdaşlığa”, ordan isə “siyasi və enerji körpüsü” konsepsiyasına doğru inkişaf edərək öz əhatəsini və təsir gücünü genişləndirib. Azərbaycanın 2025-ci il mayın 20-də Macarıstana edilmiş yüksək səviyyəli işgüzar səfəri bu münasibətlərin yeni mərhələyə keçidini simvolizə edir.
Azərbaycan yerləşdiyi coğrafi mövqe baxımından tarixən Şərq və Qərb arasında körpü rolunu oynayıb. Bu rolu müasir geosiyasi reallıqlarda daha funksional və sistemli şəkildə icra etməsi isə çoxvektorlu xarici siyasət və müttəfiqlik mexanizmləri ilə mümkün olur. Macarıstanla qurulmuş tərəfdaşlıq məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Macarıstan Avropa İttifaqının Mərkəzi Avropadakı üzvü kimi yalnız siyasi baxımdan deyil, həm də texnoloji, enerji və nəqliyyat sahələrində strateji imkanlara sahib ölkədir. Azərbaycanın bu ölkə ilə münasibətləri isə Cənubi Qafqazdan Avropaya qədər uzanan əməkdaşlıq xəritəsində mühüm bir bucaq təşkil edir.
2025-ci ilin mayında Prezident İlham Əliyevin Budapeştə səfəri zamanı verilən açıqlamalar və aparılan müzakirələr göstərdi ki, Bakı və Budapeşt artıq təkcə ikitərəfli münasibətləri deyil, həm də qitələrarası enerji və nəqliyyat təşəbbüslərini birgə irəli aparmaq niyyətindədir. Azərbaycan qazının və gələcəkdə yaşıl enerjisinin Avropa bazarlarına çatdırılmasında Macarıstan mühüm tranzit və tərəfdaş ölkə rolunu oynayır. Bu, Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıdığı kimi, Azərbaycanın da regional enerji mərkəzi kimi rolunu möhkəmləndirir.
Macarıstanla əməkdaşlıq həmçinin Azərbaycanın Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsində Avropa bazarlarına çıxışını asanlaşdırır. Bu dəhliz artıq təkcə ticarət marşrutu deyil, Şərqlə Qərb arasında qarşılıqlı asılılıq və əməkdaşlıq fəlsəfəsini əks etdirən bir geosiyasi platformaya çevrilməkdədir. Azərbaycan və Macarıstan bu platformada birgə çalışaraq Avropa-Asiya inteqrasiyasına töhfə verən aktorlar kimi çıxış edirlər.
İkitərəfli münasibətlərin başqa bir mühüm ölçüsü isə onların ideoloji və mədəni yaxınlığıdır. Hər iki ölkə milli kimliyini, suverenliyini və müstəqil qərarvermə hüququnu prioritet sayan siyasət yürüdür. Azərbaycan və Macarıstan suveren dövlətlər arasında qarşılıqlı hörmət prinsipinə əsaslanan münasibətlərin qurulması ideyasını müdafiə edir və bu, onları bir-birinə yaxınlaşdıran əsas dəyərlərdən biridir. Budapeştdə keçirilən görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün və regional sülh təşəbbüslərinin Macarıstan tərəfindən açıq şəkildə dəstəklənməsi bu ideoloji yaxınlığın bariz nümunəsidir.
Bütün bu faktorları nəzərə aldıqda, Azərbaycan-Macarıstan münasibətləri təkcə diplomatik və iqtisadi əlaqələr çərçivəsində qalmır. Bu münasibətlər hazırda Avropa ilə Asiya arasında formalaşan yeni geosiyasi düzənin əsas sütunlarından birinə çevrilməkdədir. Hər iki ölkə bu tərəfdaşlığı daha dayanıqlı və uzunmüddətli etmək üçün siyasi iradə və institusional mexanizmlər ortaya qoyur. Enerjidən nəqliyyata, təhsildən müdafiə sənayesinə qədər uzanan əməkdaşlıq sahələri bu tərəfdaşlığın çoxşaxəli və strateji mahiyyətini ortaya qoyur.
Azərbaycanın Şərqdən Qərbə inteqrasiya prosesində Macarıstanla əlaqələrinin dərinləşməsi təkcə ikitərəfli maraqlara deyil, həm də daha geniş regional sabitliyə və inkişaf strategiyasına xidmət edir. Bu münasibətlər Azərbaycanın Avropada etibarlı tərəfdaş imicini gücləndirdiyi kimi, Macarıstanın da Cənubi Qafqazda artan rolunu təmin edir. Beləliklə, Azərbaycan-Macarıstan münasibətləri XXI əsrin geosiyasi xəritəsində Avropa ilə Şərq arasında etibarlı və çoxşaxəli bir körpü modelinə çevrilməkdədir.
Əlişir Əliyev,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi, YAP fəalı