Ulu Öndər Heydər Əliyev - Azərbaycan təhsilinin strateji banisi
Azərbaycan xalqının müasir tarixi, dövlətçilik ənənələri və milli ideologiyası dahi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun siyasi irsi yalnız ölkəmizin müstəqilliyinin və sabitliyinin əsasını təşkil etməklə kifayətlənmir, eyni zamanda təhsil sistemimizin inkişafında uzunmüddətli və dərin əsaslara söykənən islahatların təməlini qoymuşdur.
Ulu Öndər Heydər Əliyev təhsili dövlətin strateji prioriteti kimi dəyərləndirmiş, gələcəyin qurucusu olan gənclərin bilikli, savadlı və milli ruhda tərbiyə olunmasını Azərbaycanın inkişaf strategiyasının əsas elementi kimi müəyyən etmişdir. Onun rəhbərliyi dövründə qəbul edilmiş qərarlar və hüquqi sənədlər - xüsusilə də "Təhsil haqqında" qanunvericilik təşəbbüsləri, ali və orta təhsilin strukturunun yenilənməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi - bu sahədə müasir və çevik idarəçilik modelinin formalaşmasına zəmin yaratmışdır.
Ümummilli Lider Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikri zamanın sınağından uğurla keçmiş prinsipial bir mövqedir. Onun təşəbbüsü ilə 1970–1980-ci illərdə Azərbaycanın gəncləri keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilərək milli kadr potensialı yaradılmışdır. Bu uzaqgörən siyasət müstəqillik illərində dövlət idarəçiliyinin, iqtisadiyyatın və elmin inkişafında həlledici rol oynamışdır. 1990-cı illərin çətin şəraitində belə, Ulu Öndər ölkənin təhsil sistemini dağılmaqdan qoruyaraq onu yenidənqurma yoluna çıxarmağa nail olmuşdur.
Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildə qəbul edilən "Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı" bu sahədə yeni mərhələnin başlanğıcı oldu. Bu proqram müasir kurikulumların tətbiqinə, qiymətləndirmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına, müəllim hazırlığı və ixtisasartırmanın təkmilləşdirilməsinə şərait yaratdı. Sonrakı illərdə təhsilin məzmununda, idarəçiliyində və maliyyələşmə mexanizmlərində həyata keçirilən islahatlar məhz həmin strateji yol xəritəsinin davamı kimi formalaşdı.
Bu gün ölkəmizin hər bir təhsil müəssisəsində görülən işlər, tətbiq edilən innovativ metodlar və təhsil strategiyaları Ulu Öndərin müəyyən etdiyi inkişaf xəttinə əsaslanır. Müasir Azərbaycan müəllimi həm milli dəyərlərə sadiq, həm də dünyəvi biliklərlə silahlanmış bir gənclik yetişdirirsə, bu, məhz Heydər Əliyev ideologiyasının yaşayaraq inkişaf etməsinin bariz nümunəsidir.
Ulu Öndərin ideyaları bu gün də yaşayır, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə yeni məzmunla inkişaf edir. Xüsusilə son illərdə həyata keçirilən "Rəqəmsal bacarıqlar", "STEAM təhsili", müəllimlərin diaqnostik qiymətləndirilməsi və təhsildə şəffaflığın təmin olunması istiqamətində atılan addımlar bu davamlı siyasətin müasir mərhələsidir.
Heydər Əliyev məktəbi – təkcə siyasi məktəb deyil, həm də mənəvi, elmi və maarifçi bir məktəbdir. Bu məktəbin davamçıları olan müəllimlər, təhsil rəhbərləri və gənc nəslin formalaşmasına xidmət edən hər bir şəxs qarşısında böyük bir məsuliyyət dayanır: Ulu Öndərin müəyyən etdiyi yolda əzmlə, vicdanla və sədaqətlə addımlamaq.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyirik. Onun ideyaları daim yaşayacaq, yolunu davam etdirən hər bir nəsil isə bu ideyaları daha da ucaldacaq.
Zeynəb Məmmədli
Salyan rayon Qarabağlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini, YAP fəalı