Neftçala rayonunda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
Neftçala rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə öncə Ulu Öndərin adını daşıyan parkda abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra "Konstitusiya və Suverenlik ili" çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyevin dövlət quruculuğu siyasəti” mövzusunda konfrans keçirilib. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Günay Ağamalı, Tənzilə Rüstəmxanlı və digər iştirakçılar çıxış edərək Ulu Öndərin dövlət quruculuğundakı əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar.
Konfransda çıxış edən Milli Məclisin deputatı Günay Ağamalı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirən, hüquqi və siyasi əsaslarını yaradan dahi şəxsiyyət kimi tarixə qızıl hərflərlə yazılıb. Günay Ağamalı qeyd edib ki, Ümummilli Liderin dövlətçilik ideologiyası bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmiz regionun lider dövlətinə çevrilib. Deputat Günay Ağamalı çıxışında həmçinin gənc nəslin Heydər Əliyev irsini dərindən mənimsəməsinin vacibliyinə toxunaraq bu istiqamətdə maarifləndirmə və təbliğat işlərinin davam etdirilməsinin önəmini diqqətə çatdırıb.







