Şərqdən Qərbə Körpü: Azərbaycan və Çin Əməkdaşlığı"
2025-ci il aprelin 25-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasının CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə, Azərbaycan-Çin münasibətlərinin gələcək inkişaf trayektoriyası baxımından mühüm əhəmiyyət kəsb edir. Müsahibə zamanı dövlət başçısı müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə toxundu və xüsusilə iki ölkə arasında nəqliyyat-tranzit əlaqələrinin və enerji sahəsində tərəfdaşlığın strateji əhəmiyyətini ön plana çəkdi.
Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Azərbaycan artıq beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına çevrilib. Xüsusilə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat axınlarının kəsişməsində yerləşərək, bu marşrutun etibarlı və səmərəli hissəsinə çevrilmişdir. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti xüsusi vurğulanır.
Həmçinin, Xəzər dənizindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onunla birbaşa əlaqəli Ələt Azad İqtisadi Zonası Çin şirkətləri üçün tranzit və istehsal sahəsində cəlbedici imkanlar yaradır. Prezident bildirdi ki, bu limanın illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edir və perspektivdə bu göstərici 25 milyon tona qədər artırıla bilər.
Azərbaycan hökumətinin tranzit sahəsinə yatırdığı investisiyalar, o cümlədən dəmir yollarının modernləşdirilməsi və yeni avtomobil magistrallarının inşası, ölkənin regional logistika mərkəzinə çevrilməsi istiqamətində strateji məqsədyönlü siyasətin göstəricisidir.
Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk gündən dəstəkləyən ölkələrdən biri olub. Bu təşəbbüs təkcə infrastruktur layihələri deyil, həm də siyasi və iqtisadi əməkdaşlığın dərinləşməsi üçün platformadır. Azərbaycan bu layihə çərçivəsində Çinlə sinxron şəkildə regional inteqrasiyanı sürətləndirməkdə maraqlıdır.
Azərbaycan-Çin nəqliyyat əlaqələri yalnız fiziki infrastruktur deyil, həm də rəqəmsal logistika və gömrük prosedurlarının təkmilləşdirilməsi kimi sahələri əhatə edir. Bu xüsusda Prezident, Çindən Avropaya daşınan yüklərin tranzit müddətinin azaldılması və logistika xərclərinin optimallaşdırılması baxımından Azərbaycanın verdiyi töhfələrin əhəmiyyətinə toxundu.
Enerji sahəsi Azərbaycan iqtisadiyyatının aparıcı sütunlarından biridir və bu sahədə Çinlə əməkdaşlıq üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan 30 ildən artıqdır ki, enerji bazarında etibarlı tərəfdaş kimi tanınır və öz karbohidrogen resurslarını dünya bazarına şaxələndirilmiş yollarla çıxarır. Çin bu resurslara artan tələbat fonunda Azərbaycanın strateji tərəfdaşı ola bilər. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kimi beynəlxalq enerji dəhlizlərinin yaratdığı imkanlar çərçivəsində gələcəkdə Çin şirkətləri bu layihələrə daha aktiv şəkildə cəlb oluna bilər.
Bununla yanaşı, Prezident Əliyev Azərbaycanın yaşıl enerji sahəsindəki ambisiyalarını da vurğuladı. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində günəş və külək enerjisi potensialı 10 GVt-dan çox qiymətləndirilir. Prezident bildirdi ki, artıq Çin şirkətləri bu sahəyə maraq göstərməkdədir və birgə investisiya layihələrinin hazırlanması mərhələsindədirlər.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər məqam Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipi üzərində qurulduğu idi. Bu münasibətlərin dayanıqlılığı üçün geosiyasi sabitlik və etimad faktoru mühüm əhəmiyyət daşıyır. Azərbaycan Çinlə əlaqələrini yalnız iqtisadi və enerji platformasında deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya edərək möhkəmləndirir.
Bir sözlə, Prezident İlham Əliyevin CGTN-ə müsahibəsi Azərbaycanın beynəlxalq nəqliyyat və enerji xəritəsində oynadığı rolu bir daha təsdiqlədi. Çinlə strateji əməkdaşlıq çərçivəsində Azərbaycan həm Şərq-Qərb körpüsü, həm də enerji təchizatçısı kimi çıxış edir. Bu münasibətlər yaxın illərdə yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin və regional inteqrasiyanın möhkəmləndirilməsi baxımından böyük önəm daşıyacaq.
Faiq Zərbalıyev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru, YAP fəalı