Azərbaycan dili Heydər Əliyev siyasətində
"Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu, həm də azəbaycançılıq məsələsidir." Ulu Öndər Heydər Əliyevin dil haqqında söylədiyi bu müdrik fikirlər dilin xalqın varlığında nə qədər böyük rola malik olmasını göstərir.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili diqqət mərkəzində olub. 70-ci illərin ortalarından başlayaraq keçmiş İttifaq respublikalarının ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Ulu Öndər Heydər Əliyev dilimizin xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan vasitə olduğunu bildirmişdir. Azərbaycan dilinin dövlət dili statusu daşıması uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider xalqı, ziyalıları ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir. Dahi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən bildirmişdir ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.
Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da xüsusi diqqət göstərdiyi məsələlərdən biri dil məsələsi oldu. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri ilə torpaq, Vətən sevgisini, Azərbaycan dilinə məhəbbətini ifadə edən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ana dilimizə qayğını dövlətimizin əsas siyasi-ideoloji vəzifəsi hesab etmişdir. Ümummilli Liderimiz “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalamaqla ədəbi dilimizin fəaliyyət imkanlarını daha da genişləndirmişdir. “Azərbaycan dilinin təkmilləşdirilməsi haqqında” Fərmanı da Ulu Öndər Heydər Əliyevin dilimizə olan bağlılığından, onu yad təsirlərdən qorumaq istəyindən irəli gəlmişdi. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Fəxr edirik ki, müstəqil Azərbaycanın dövlət dili olan Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.
Əzizağa Məmmədli,
Rayon “Qələbə” qəzetinin əməkdaşı, YAP fəalı