Kremlin ilginc Qafqaz planı - şimal təhlükəsi ən çox bu ölkəni gözləyir
Kremlin Güney Qafqazla bağlı yeni məxfi planı varmı? O halda təhlükə ən çox hansı ölkəni gözləyir - Ermənistanı, Gürcüstanı, yoxsa?
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Cənubi Qafqaz siyasəti müəyyən reformasiyalara uğrasa da, tarixən imperialist maraqlar əsasında formalaşıb: “Rəsmi Moskva bu gün də regionla bağlı politik maraqlarını eyni məntiq üzərindən həyata keçirməyə çalışır. İqtisadi təsir, geosiyasi idarəetmə, daxili siyasi manipulyasiyalar və hərbi aventura Kremlin Cənubi Qafqazla bağlı strateji planlarının əsas aspektləridir. Rusiyanın Ukraynaya təcavüzündən sonra regionda mövqeləri zəifləsə də, Kreml rəhbərliyi bölgə ilə bağlı hər zaman özünün arqumentlərini gücləndirmək cəhdləri edir. Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya probleminə baxmayaraq Moskva ilə balanslaşdırılmış siyasi əlaqələr qurmaqda maraqlı olsa da, Ermənistan rəhbərliyi Moskvadan uzaqlaşmaq niyyətini açıq şəkildə dilə gətirir. Rəsmi İrəvan KTMT-nin iclaslarında iştirakdan imtina edir və onun formalaşması üçün zəruri olan maliyyə ödənişini həyata keçirmir. Məhz bu səbəbdən zaman-zaman Rusiya mətbuatında Ermənistan əleyhinə fikirlər səsləndirilir. Təbii ki, irəliləyən zamanda rəsmi Moskva qlobal müstəvidə baş verən dəyişikliklər fonunda yenidən Ermənistan üzərindən regionda olan ənənəvi təsir riçaklarını bərpa etmək cəhdləri edəcək. Lakin mövcud situasiyada Azərbaycanın rolu tamamilə fərqlidir. Ölkəmiz Cənubi Qafqazda dəyişdirilməsi mümkün olmayan yeni geosiyasi konfiqurasiya formalaşdırıb. Azərbaycan regionda qüvvələr balansını dəyişmək istəyən hər kəsi neytrallaşdırmağı bacarır. Mövcud reallıqları görməzdən gələn istənilən güc uğursuzluğa məhkumdur”.