Milli ruhumuzu yaşadan Bayram
Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı milli bayramımız olaraq bütün dünyada geniş təbliğ edilir. Bayram şənliklərində xalqımız birlik – bərabərlik və həmrəylik nümayiş etdirərək həm də milli dəyərlərinə sahib çıxdığını göstərir.
Azərbaycana rəhbərlik etdiyi dövrdən hər il Novruz bayramında el şənliklərində iştirak edən Ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm vermiş, bu milli dəyərlərin yaşadılmasının vacibliyini vurğulamışdır. Novruz bayramını xalqımızın dəyərli neməti, dosluq, həmrəylik bayramı adlandıran Ulu öndər bu bayramın əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olduğunu qeyd etmişdir.” Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz”- deyən Ulu öndər həm də hesab edirdi ki, bu bayram Azərbaycan xalqının milli ruhunu, yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Ona görə də Novruz bayramı bütün xalqımızı eyni dərəcədə həm sevindirir, həm də birləşdirir.
Bu gün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm nailiyyətləri sırasındadır. Dövlət başçısı tarixi-mədəni irsimizin yaşadılmasına və adət-ənənələrimizin qorunmasına xüsusi qayğı ilə yanaşaraq bu məqsədlə son illərdə mühüm addımlar atıb, sərəncamlar imzalayıb. Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın dəyərlərinə son dərəcə bağlı olduğunu, onlara hörmət və ehtiramla yanaşdığını təsdiqləyir. Bu sıradan da böyük bayramımız olan Novruzun yüksək səviyyədə qeyd olunmasına, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına daim çalışır. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımıza xoş arzu və niyyətlərini bildirir. Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramının milli mədəni sərvətlərimizin zənginliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini dolğun şəkildə ifadə edir.
Novruz sıradan bir bayram deyil, xalqımız tərəfindən dünyaya təqdim olunan sülh, xeyir-bərəkət və humanizmə xidmət edən bəşəri mərasimdir. Novruz arzuların, duaların dilə gətirildiyi bayramdır. Novruz həm də böyük mənəvi gücə malikdir, insanlar arasında qardaşlıq duyğularını möhkəmləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır.
Uzun illər xalqımız bu bayram günlərində işğal altında olan torpaqlarımızın azadlığını, bayram şənliklərini öz doğma yurd yuvalarında keçirməyi arzulamışdır. Xalqımızın gücü, dövlətimizin qüdrəti nəhayət ki, bu arzunu gerçəkləşdirdi. Bu xalqımızın bayram sevincinə xüsusi bir ovqat qatır. Artıq beşinci ildir ki, bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayırıq. Dövlət başçımız cənab İlham Əliyev tərəfindən 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü il Talış kəndində, 2024-cü il Xankəndi şəhərində bayram tonqalı alovlandırılmışdır. Bu böyük bir xoşbəxtlikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il martın 20-də Şuşada, Cıdır düzündə dedi: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.
Bu gün Ulu Öndərin ruhu şaddır. Onun arzuları həyata keçdi. 2023-cü ildəki lokal antiterror tədbirlərindən sonra isə işğal altındakı qalan torpaqlar da azad edildi. Artıq Novruz ölkəmizin bütün ərazisində, o cümlədən azad edilən Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə də qeyd edilir. Ali Baş Komandanımız 2024-cü ildə Novruz tonqalını terrorçu- separaçılardan təmizlənmiş Xankəndidə şəxsən yandırmaqla Azərbaycan dövlətinin suverenliyinin və müstəqilliyinin daimi olacağı mesajını verdi. Regionun lider dövlətinin rəhbəri kimi Novruz bayramı münasibətilə Xankəndidən xalqa ünvanlanan təbrik hər bir vətəndaş üçün böyük sevinc və xoşbəxtlik təntənəsinə çevrildi.
Könül Qəfərova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı