“Napoleonun ölkəsi”nin Azərbaycana məğlubiyyət etirafı
Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bu barədə müsahibəsində Azərbaycanın Fransanın daxili işlərinə heç zaman qarışmadığını diqqətə çatdırdı: “Fransanın anti-Azərbaycan siyasəti islamofobiya, ksenofobiya və erməni lobbisinin təsiri əsasında formalaşıb. 44 günlük Vətən müharibəsindən sonra rəsmi Paris fəal şəkildə ölkəmiz əleyhinə qarayaxma kampaniyası həyata keçirir. Beynəlxalq müstəvidə uğursuzluğa düçar olan Makron administrasiyası ölkə ictimaiyyətinin diqqətini yayındırmaq üçün hədəf dəyişdirmək cəhdləri edir.
Fransanın dənizaşırı ərazilər üzrə naziri Manuel Vallsın Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar növbəti ikili standartlar nümunəsidir və ölkəsinin geopolitik səriştəsizliyinin göstəricisidir. Yelisey Sarayından fərqli olaraq Azərbaycan Fransanın daxili işlərinə müdaxilə etmir. Lakin onların davam etdirdiyi neokolonializm siyasətinə qarşı qəti və prinsipial mövqe sərgiləyir. Çünki Fransanın kolonial siyasəti hər zaman sosial strukturların pozulmasına, irqi ayrı-seçkiliyə, yerli xalqların dini və mədəni irsinin məhv olmasına səbəb olub. Rəsmi Paris kölələşdirdiyi xalqların təbii resurslarını və iqtisadi potensialını istismar edir, onların inkişafının qarşısını alır. Fransızlar dekolinizasiya prosesinə baxmayaraq imperialist maraqlarını fərqli müstəvidə davam etdirirlər. Bu isə demokratik dəyərlərin məhvinə və insan haqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Azərbaycan Bakı Təşəbbüs Qrupu və Qoşulmama Hərəkatı çərçivəsində Fransanın müstəmləkə siyasətinə qarşı ciddi səylə mübarizə aparır. Artıq fransızlar Afrikada istənilməyən qonaq qismindədir. Yaşadıqları uğursuzluqları kompensasiya etmək istəyən Emmanuel Makron isə Cənubi Qafqaza nüfuz etmək cəhdləri edir və Ermənistandan platsdarm kimi yararlanır. Azərbaycan onların regionda nüfuz sahibi olmaq ambisiyalarını neytrallaşdırır".
Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı