Qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir
Azərbaycanda qadınların hüquqlarının qorunması və uğurlu gender siyasətinin təşkili məsələsi Ulu öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi. Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun maariflənməsində misilsiz xidmətlər göstərmiş Ulu öndər Heydər Əliyev bütün dönəmlərdə qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır.
Qeyd edək ki, 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Bu, vətəndaşların hüquqlarının müdafəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur.
1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Çünki qadınlarımız bu qurultayla demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoymuşdular.
Ulu öndər Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir: "Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".
Respublikamızda dövlət qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr bu gün Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşılır. Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. Dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Bir sözlə, Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi daim ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında, elmi potensialının artırılması istiqamətində və dövlətin idarə olunmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetiriblər. Ölkənin qadınları öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıblar. Qadınlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar.
Biz – Azərbaycan qadınları fəxr edirik ki, bugünkü qüdrətli dövlətimizin tərəqqisində ölkəmizin xanımlarının da böyük payı vardır. Dövlətimizi və cənab Prezidenti əmin edirik ki, Azərbaycan qadını Vətənimizin daha da qüdrətləndirilməsini təmin edən Heydər Əliyev siyasi kursunu bundan sonra da daim dəstəkləyəcək və xalqımızın qazanacağı yeni uğurların iştirakçısı olacaqdır.
Vəfa Məmmədova,
MİHİ Salyan Rayon Komitəsinin sədri, YAP fəalı