Gənc nəslə diqqət dövlət siyasətinin prioritetidir
Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin icrasında daim onun yanındadırlar.
Azərbaycan Respublikasında dövlətin gənclər siyasəti ardıcıl və sistemli surətdə həyata keçirilir. Bu siyasətin məqsədi gənclərin təhsil almaları, iş imkanlarının artırılması, yaradıcılıq potensiallarının ünvanlı dəstək vasitəsilə ön plana çıxarılması və cəmiyyətdə aktiv rol oynamalarına təkan verməkdir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Son illərdə Azərbaycan dövləti gənclərə dəstək məqsədi ilə bir sıra proqramlar, qrantlar və təqaüdlər tətbiq edib. Gənclərin təhsili, elmə marağı və innovativ ideyaları dəyərləndirilərək onların beynəlxalq müsabiqələrdə iştirak etməsi və ölkə xaricində oxuması üçün şərait yaradılıb. Xüsusilə "Gənclər Fondu" və "ASAN Xidmət" kimi qurumlar vasitəsilə gənclərin sosial aktivliyinin artması, ictimaiyyətdə daha fəal rol oynaması təşviq edilir.
Gənclərin idman, elm və mədəni sahələrdə qazandıqları nailiyyətlər bu siyasətin effektivliyini bir daha təsdiqləyir. Beynəlxalq olimpiadalarda, idman yarışlarında və startap layihələrində qazanılan mükafatlar gənclərin öz gücünə olan inamını daha da artırır.
Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Xüsusilə, gənclərimizin yüksək vətənpərvərlik ruhu vurğulanmalıdır. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı deyib, “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”. Həm döyüş meydanında, həm də informasiya cəbhəsində Azərbaycan gəncləri fəal iştirak edərək tarixi qələbənin əldə olunmasına əvəzsiz töhfələr vermişdir. Müharibədən sonra da həmin gənclər ölkənin inkişafında, quruculuq və bərpa işlərində fəal iştirak edərək öz vətənpərvərliklərini nümayiş etdirirlər.
Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.
Sübhan Xəlilov,
Salyan şəhər 6 saylı tam orta məktəbin direktor əvəzi, gənc YAP fəalı