20 Yanvar faciəsi Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, xalqımızın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 35 il ötür. Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaq əsl hünər, şərəf və ləyaqət nümunəsidir. Otuz beş il əvvəl ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar əməllərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha göstərdi. Sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. 20 Yanvar 1990-cı il Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdi.
Bəli, 20 Yanvar faciəsi Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir. Ancaq təkcə faciə deyil, eyni zamanda, bu tarix Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, xalqın azadlıq istəyinin oyanış günü idi. 20 Yanvar 1990-cı il uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar, həm də Azərbaycan xalqının 1991-ci ildə müstəqilliyinin bərpası yolunda qanla yazılmış tarixdir. Təəssüflər olsun ki, müstəqilliyimizin bərpasının ilk illəri də xalqımız üçün faciələrlə, böyük təhlükələrlə zəngin dövr oldu. Həmin illərdə ölkəyə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin məqamda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir dövrün başlanğıcı oldu. Ümummilli Lider həmin illərdə belə bir çağırışı səsləndirmişdi ki, bu çətin günlər keçib gedəcək, vaxt gələcək hər kəs qüdrətli Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq. Ulu Öndər, həmçinin bu çağırışı da etmişdi ki, müstəqilliyimiz bizim tarixi nailiyyətimizdir. Müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsi, daimi olması üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan vahid amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndərin və Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətləri nəticəsində harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarının birliyi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.
2003-cü ildən sonrakı dövr Heydər Əliyev yolunun uğurlu davamı, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi mərhələsidir. Bu illər ərzində dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan biri-birindən mühüm uğurlara imza atdı. Bu uğurların ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimiz və ondan üç il sonra suverenliyimizin təmin edilməsidir. Bu gün qürurla müasir müstəqil, qalib Azərbaycanın uğurlarından danışırıq. Bütün dünyaya fəxrlə bəyan edirik ki, müstəqilliyimiz əbədi və dönməzdir. İşğaldan azad edilmiş torpaqlarımızda əbədi olacağıq.
1990-cı ildən başlanan ağır, çətin, eyni zamanda, şərəfli yol Qarabağ Zəfəri ilə ən uca zirvəyə çatdı. 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. Bu gün Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı işğaldan azad edib yeni reallıq yaratdı. “Dəmir yumruq” birliyimizin rəmzinə çevrilib. Bu gün işğaldan azad edilmiş bütün topaqlarımızda qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın dalğalanması özündə mühüm çağırışları ehtiva edir.
Günay Xankişiyeva,
Salyan rayon Yenikənd kəndi, YAP fəalı