Azərbaycanın COP29 Uğuru: Qlobal Liderlik və Davamlı İnkişaf Yolunda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq COP29 tədbirindəki dərin məzmunlu və strateji əhəmiyyət kəsb edən çıxışı, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf məsələlərində dünya ictimaiyyəti qarşısında üzərinə götürdüyü liderlik missiyasını bir daha təsdiqlədi. Prezidentin nitqində Azərbaycanın bu mötəbər tədbirdə oynadığı həlledici rol, beynəlxalq ictimaiyyətin ölkəmizə bəslədiyi yüksək etimadın bariz nümunəsi olmaqla yanaşı, Azərbaycanın ekoloji məsələlərin həlli istiqamətində qlobal təşəbbüslərdə lider mövqeyini ortaya qoydu.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal əməkdaşlıq prinsiplərinə əsaslanan strateji baxışını xüsusi olaraq vurğuladı. Bakı şəhərində keçirilmiş COP29 tədbiri, Azərbaycan xalqının öz tarixi və ekoloji məsuliyyətini dərindən dərk etməsinin, beynəlxalq səviyyədə əməkdaşlığa verdiyi töhfələrin və milli potensialın nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdi. Belə mötəbər bir tədbirin yüksək səviyyədə təşkil olunması, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüsləri və bu istiqamətdə gördüyü işləri bir daha beynəlxalq səviyyədə təqdim etmək üçün müstəsna bir platformaya çevrildi.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycanın iqlim diplomatiyasının əsas şüarı olan “Yaşıl dünya naminə həmrəylik” yanaşması, qlobal problemlərin həlli istiqamətində dünya dövlətlərinin birgə səylərini təşviq etməklə, ekoloji təhlükəsizliyin təmin olunmasında bütün ölkələri bərabərhüquqlu tərəfdaşlığa dəvət edir. Xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ekoloji məsuliyyətin ədalətli bölüşdürülməsi, Azərbaycan dövlətinin əsas hədəflərindən biri kimi çıxış edir. Prezident İlham Əliyev bu məqamda kiçik və zəif iqtisadiyyata malik ölkələrin iqlim dəyişikliyinin fəsadlarından daha çox əziyyət çəkdiyini vurğulayaraq, onların ehtiyaclarının nəzərə alınmasının beynəlxalq səviyyədə qarşılıqlı həmrəyliyin gücləndirilməsi üçün əsas şərt olduğunu bəyan etdi.
Bakı COP29 tədbiri Azərbaycanın ekoloji tarixində mühüm bir səhifə olmaqla yanaşı, dünya ictimaiyyətinə ölkəmizin davamlı inkişaf sahəsində əldə etdiyi nailiyyətləri və gələcək planlarını nümayiş etdirmək imkanı yaratdı. Tədbirdə 80-dən çox dövlət və hökumət başçısının, müxtəlif ölkələrdən 76 mindən artıq iştirakçının iştirakı ilə keçirilən müzakirələr, Azərbaycanın beynəlxalq məsələlərdə oynadığı mühüm rolun daha da möhkəmləndirilməsinə xidmət etdi. Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri də Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə lider mövqeyini daha da möhkəmləndirmək istiqamətində gördüyü işlər oldu. Ölkəmiz, iqlim dəyişikliklərinin fəsadlarının azaldılması, karbon emissiyalarının məhdudlaşdırılması və ətraf mühitin qorunması istiqamətində irəli sürdüyü təşəbbüslərlə dünya miqyasında örnək dövlət olaraq tanınmaqdadır.
Prezident İlham Əliyev nitqində Azərbaycanın 2035-ci ilə qədər qarşıya qoyduğu strateji hədəflərə də toxunaraq, bu müddət ərzində ölkəmizin karbon emissiyalarını daha da azaltmaq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsində mühüm irəliləyişlər əldə edəcəyini bəyan etdi. Dövlət başçısı bu istiqamətdə görülən tədbirlərin yalnız ölkəmiz üçün deyil, həm də qlobal miqyasda davamlı inkişaf prinsiplərinin bərqərar olunması üçün böyük əhəmiyyət daşıdığını vurğuladı. Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə fəal iştirakının, Prezident İlham Əliyevin rəhbərliyi altında daha geniş miqyasda davam etdiriləcəyi bəyan olunaraq, ölkəmizin bu sahədə liderliyi daha da möhkəmləndiriləcəkdir.
Prezident İlham Əliyevin COP29 tədbirindəki nitqi, Azərbaycanın beynəlxalq arenada qlobal məsələlərin həlli istiqamətindəki lider mövqeyini, həmçinin dünya ölkələrinin əməkdaşlıq və həmrəylik mühitinin təmin olunmasında oynadığı mühüm rolu bir daha təsdiqlədi. Bakı COP29 tədbiri, yalnız Azərbaycanın deyil, həm də bütün dünya üçün əhəmiyyətli nəticələrin əldə edilməsinə zəmin yaratdı. Prezidentin rəhbərliyi ilə Azərbaycan, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji təhlükəsizliyin təmin edilməsi və davamlı inkişaf prinsiplərinin reallaşdırılması sahəsində öz səylərini bundan sonra da qətiyyətlə davam etdirəcəkdir. Bu tarixi məqam, həm ölkəmizin beynəlxalq mövqelərinin güclənməsi, həm də dünya xalqlarının birgə gələcəyi üçün atılan önəmli addım kimi yadda qalacaqdır.
Aygül Bağırova