Bu gün Kəlbəcər yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır
Bu gün işğaldan azad edilən hər bir şəhər və rayonumuz kimi Kəlbəcər də yenidən qurulur, gözəlləşir, öz əvvəlki simasına qayıdır. Özünün quruculuq-abadlıq dövrünü yaşayan Kəlbəcərdə ötən 4 il ərzində yaradılan infrastruktur tezliklə kəlbəcərlilərin də öz dədə-baba yurdlarına qayıdacağından xəbər verir.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il, 2 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğala məruz qalıb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və xeyli sayda vətəndaşımız itkin düşüb. Bununla yanaşı ermənilər Kəlbəcərin yeraltı və yerüstü sərvətlərini də talayaraq tarixi-mədəni abidələrimizi tamamilə məhv ediblər. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil talan edilib, dağıdılıb və Kəlbəcərin milyardlarla manat həcmində sərvəti Ermənistana daşınıb. Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub. Ərazilər yandırılıb, su resursları çirkləndirilib, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələri, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlər məqsədli şəkildə talan edilib. Bütün bunlarla kifayətlənməyən ermənilər Kəlbəcəri boşaldarkən belə öz vandallıqlarını nümayiş etməkdən utanmadılar. Ağacları kəsdilər, evlərə, meşələrə od vurdular. Bu, əsl ekoloji terrordur.
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğala məruz qalmasından sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 30 aprel 1993-cü il tarixində 822 saylı Qətnamə qəbul edilsə də, nə Ermənistan bu sənəddəki tələblərə məhəl qoymuş, nə də beynəlxalq təşkilatlar bununla əlaqədar əsaslı tədbir görmüşdür.
Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa etdi, həm də beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhülkəsizlik Şurasının qərarlarının icrasını təmin etdi. 2020-ci il, noyabrın 10-da Ermənistanın kapituliyasiyasını özündə əks etdirən 10 noyabr üçtərəfli bəyanatına uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan azad edildi. Bu Azərbaycanın Müzəffər Ali Baş Komandanının həm döyüş meydanı, həm də diplomatik cəbhədə qalibiyyətinin təcəssümü idi. Cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsi və dəmir yumruğu ilə torpaqlarımız işğaldan azad edildi.
Ulu öndər Heydər Əliyev Kəlbəcər rayonu haqqında danışarkən bu bölgənin təbiətinin zənginliyinə xüsusi vurğu edirdi: “Kəlbəcər Azərbaycanın çox dəyərli gözəl guşəsidir. Böyük əraziyə malik Kəlbəcər rayonu Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Çox zəngin təbiəti, tarixi abidələri mövcuddur. Allah Kəlbəcərə hər cür nemətlər-gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yerüstü sərvətləri, həm yeraltı sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir. O gün gələcəkdir ki, Kəlbəcər Ermənistan silahlı qüvvələrinin işğalından azad olunacaq və Kəlbəcər sakinləri öz doğma yurdlarına qayıdacaqlar”.
Ata vəsiyyətini yerinə yetirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə 2021-ci il 16 avqustda azad Kəlbəcərə ilk səfərində rayonun təbiətinin füsunkarlığına heyranlığını belə ifadə etmişdi: “Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Bundan sonra daha da cənnətə çevriləcəkdir”.
Bəli, bu gün işğaldan azad edilmiş Kəlbəcər indi yenidən qurulur. Kəlbəcər şəhərində hazırda ümumilikdə 202 mənzildən ibarət binalar inşa edlib yekunlaşmaqdadır. Tarixi qələbədən sonra Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı tikinti-quruculuq işlərinə start verilib. Artıq müxtəlif sahələri əhatə edən infrastruktur layihələrinin icrası sürətlə davam edir. Kəlbəcərli fermerlər, arıçılar yay mövsümündə təsərrüfatlarını doğma yurdlarına köçürürlər. Əhalinin bu il yeni inşa olunan Kəlbəcər şəhərinə köçürülməsinə start veriləcək. Ulu öndər Heydər Əliyevin bir zamanlar böyük uzaqgörənliklə dedikləri reallaşır-kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar.
İnqilab Abdullayev,
Salyan rayon Sarvan kənd Folklor evinin müdiri, YAP fəalı