Kəlbəcər rayonu nəinki Azərbaycanda, bütün dünyada ən gözəl şəhərlərdən birinə çevriləcək
Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Işğaldan əvvəl 3054 kv.km ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldı.
Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.
2020-ci ilin Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Respublikasının müasir tarixində yeni dövrün başlanğıcı oldu. Bu dövrün milli prioriteti isə işğaldan azad edilmiş ərazilərimizin - Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüşünün təmin olunmasıdır. Prezident İlham Əliyevin həm də milli ideya olaraq qarşıya qoyduğu bu vəzifə hazırda sürətlə, yüksək dinamizmlə və keyfiyyətlə yerinə yetirilməkdədir. Cəmi 4 il ərzində azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Demək olar ki, azad edilmiş bütün şəhərlərdə nəhəng tikinti-quruculuq işləri gedir. Şuşa, Füzuli, Laçın, Xocalı şəhərlərinin, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərinin sakinləri artıq öz doğma evlərinə qayıdıblar. İndiyədək 7 min nəfərdən artıq keçmiş məcburi köçkün doğma yurda qayıdıb və bərpa-quruculuq işləri tamamlandıqca onların sayı da yüksəlir.
Prezident cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə tez tez səfər etməsi, görülən işlərlə tanış olub, tapşırıq və tövsiyyələrini verməsi bir daha nümayiş etdirir ki, görülən işlər ölkə başçısının xüsusi nəzarətindədir. Ölkə başçısı ümumilikdə 5 dəfə Kəlbəcərdə səfərdə olmuş və çoxsaylı təməlqoyma mərasimlərində iştirak etmişdir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Kəlbəcərə hər səfəri əlamətdar olur. Çünki dəniz səviyyəsindən çox yüksəklikdə, uca dağlar qoynunda yerləşən Kəlbəcərdə aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün xüsusi bir təntənəsidir. 2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış binaları, məktəb, xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.
Bir sözlə, həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri deməyə əsas verir ki, Kəlbəcər rayonu qısa zamanda nəinki Azərbaycanda, bütün dünyada ən gözəl şəhərlərdən birinə çevriləcək.
Məlakə Məlikova,
Salyan şəhər 5 saylı ümumi orta məktəbin direktoru, YAP fəalı