Vətən müharibəsi xalqımızın döyüş əzmini nümayiş etdirdi
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi, Azərbaycanın tarixində əlamətdar bir dönüş nöqtəsi oldu. Bu müharibə, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün aparılan ədalətli bir savaş idi və nəticədə Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin sərhəd bölgələrində təxribat xarakterli hücumları ilə başlanan gərginlik, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün genişmiqyaslı əməliyyatlara səbəb oldu. 44 gün davam edən Vətən müharibəsi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və xalqın əzmini nümayiş etdirdi. Qəhrəman əsgər və zabitlərimiz, həmçinin müasir hərbi texnologiyaların tətbiqi nəticəsində şanlı ordumuz ardıcıl olaraq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarını işğaldan azad etdi.
8 noyabr 2020-ci ildə Azərbaycanın tarixi və mədəni irsi üçün xüsusi əhəmiyyətə malik olan Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın azad edilməsi, Vətən müharibəsinin Qələbə ilə başa çatmasının simvolu kimi qəbul olunur. Bununla Ermənistan ordusunun müqaviməti qırıldı və 10 noyabrda üçtərəfli Bəyanatın imzalanması ilə münaqişə sona çatdı. Zəfər yürüşündə şəhidlərimizin rolu əvəzsizdir. Vətən müharibəsində canını fəda edən qəhrəmanlarımıza hər zaman böyük ehtiram göstərilir, onların xatirəsi əziz tutulur. Möhtəşəm Qələbə, xalqımızın həmrəyliyini daha da gücləndirdi və hər il 8 noyabrda qeyd edilən Zəfər Günü, Azərbaycanın milli birliyinin rəmzi kimi qəbul edilir.
Azərbaycanın Zəfər tarixi, gələcək nəsillərə vətənpərvərlik, birlik və mübarizə ruhunu ötürən dəyərli bir mirasdır. Bu Qələbə, xalqımızın qürur mənbəyi olmaqla yanaşı, torpaqlarımızın ərazi bütövlüyünü qorumağın və Vətəni müdafiə etməyin nə qədər müqəddəs olduğunu bir daha sübut edir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanılmışdı.
Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi də yaradılır. Qurulmaqda olan Zəfər muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Muzeydə Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini nümayiş etdirəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, noyabrın 8-də Bakıda Zəfər parkının açılışında bildirmişdir ki, bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır
Zəfər salnaməsi, Azərbaycanın əbədi olaraq öz tarixi torpaqlarında möhkəmləndiyini və azadlıq yolunda hər zaman mübarizəyə hazır olduğunu nümayiş etdirir. Bu Qələbə, xalqımızın qəlbində daim yaşayacaq və ölkəmizin ərazi bütövlüyünün simvolu olaraq tarixə qızıl hərflərlə yazılacaqdır.
Ofeliya Rəhimova
YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca kənd ərazi partiya təşkilatının üzvü,partiya veteranı