Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik
Noyabrın 12-də COP29-un Liderlər Sammitinin açılışı, bir gün sonra isə COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirildi. Hər iki sammitdə səsləndirilən mühüm çağırışlar hazırda ölkə və dünya mətbuatında geniş şərh edilir. Dövlətimizin başçısı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışında xüsusi qeyd etdi ki, COP29-un ev sahibi seçildikdən sonra Azərbaycanın inkişaf edən kiçik ada dövlətləri ilə münasibətləri yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Prezident İlham Əliyev inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət etdi ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə Azərbaycan 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərdi. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.
İsmayıl Əvəzov
Göygöl Suvarma Sistemləri idarəsinin rəisi