Qərb diplomatlarının vasitəçilik etdiyi iqtidar müxalifət dialoqu- tarixə baxış
Partiya sədrləri deyir ki, həmin görüşlərün əslində məqsədi fərqli idi və dialoqa xidmət etmirdi
Azərbaycanda yeni siyasi konfiqurasiyanın formalaşması ATƏT-in, ABŞ səfirliyinin, başqa beynəlxalq təşkilatların vasitəçiliyi ilə iqtidar-müxalifət görüşlərinin keçirilməsi ənənəsinə son qoymuş oldu.
Bu barədə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”a şərhində bildirib. “Görüşlərin təşkili missiyanı Azərbaycan dövləti öz öhdəsinə götürüb. Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsi yaradıldıqdan sonra şöbənin müdiri Ədalət Vəliyevlə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai qurumların rəhbərləri arasında görüşlər keçirilir. Artıq bu sahədə xeyli irəliləyiş əldə edilib. Bu, 44 günlük müharibə dönəmində də özünü göstərdi”, - deyə, partiya sədri bildirib. F.Ağamalı daha sonra deyib: “Xatırlayıram, şəxsən mən bir neçə dəfə iqtidar-müxalifət formatında ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin moderatorluğu ilə keçirilən görüşlərdə iştirak etmişəm. Etiraf edim ki, bu cür görüşlərin hər hansı bir səmərə verdiyinin şahidi olmamışam. Hətta orada müxalifət partiyalarının birinin fikri digərinə xoş gəlmirdi. Bir sıra hallarda hətta siyasi mədəniyyətdən uzaq vəziyyət də müşahidə edilirdi. Buna görə də iqtidar partiyası olan YAP çox zaman bu cür görüşlərə qatılmaqdan doğru olaraq imtina edirdi. O cür görüşlər sanki ortaq məxrəcə gəlmək və ya hansısa problemi həll etmək üçün deyil, çoxsaylı müxalifət partiyalarının, həmçinin moderatorluq edən xarici təşkilatların hakim partiyaya hücum etməsi, gərginlik yaratması üçün idi. Həmin görüşlər əslində normal dialoq deyildi. Bu problem uzun illər cəmiyyətdə müzakirə mövzusuna çevrilmişdi. 2019-cu ildə mənim təşəbbüsümlə iqtidarla müxalifət arasında normal dialoqun baş tutması üçün addımlar atılıb. Təəssüf edirəm ki, oraya bütün müxalifət partiyalarını dəvət etsək də, onların hamısı bu təşəbbüsə qoşulmamışdı. Lakin bir çox müxalifət partiyalarının və YAP-ın da iştirak etdiyi o görüşdə səmərəli diskussiya alınmışdı. Bu da cəmiyyətdə böyük rezonans doğurdu. Şübhəsiz ki, bu kifayət deyildi. Ölkə Prezidentinin 2018-ci il prezident seçkilərindən sonra strat verdiyi və geniş mahiyyət daşıyan islahatların içərisində partiyalarla münasibətdə köklü dəyişikliklər başlandı. İlk növbədə yeni siyasi konfiqurasiyanın əsası qoyuldu. Cənab Prezidentin Prezident Administrasiyasında apardığı islahatlar çərçivəsində xüsusi bir şöbə yaradıldı. Siyasi partiyalar və qanunverici hakimiyyətlə iş şöbəsinin yaradılması yeni mərhələnin başlanması idi. Şöbəyə kifayət qədər tanınan və bütün siyasi partiyaların hörmət bəslədiyi Ədalət Vəliyevin gətirilməsi də çox uğurlu oldu”.

Fəzail Ağamalı
F.Ağamalı qeyd etdi ki, heç bir xarici qüvvənin, kənar təşkilatın vasitəçiliyi olmadan keçirilən iqtidar-müxalifət görüşlərinin daha effektli olduğunun ard-arda nümunələri ortaya qoyulmuş oldu. Bu proses bu gün də uğurla davam edir. Azərbaycan siyasi həyatında çox uğurlu bir model ortadadır: “Keçirilən görüşlər müsbət nəticələrini verib və verməkdədir. Halbuki beynəlxalq təşkilatların və hansısa ölkə səfirliyinin vasitəçiliyi ilə keçirilən görüşlərin müsbət effekti olmurdu. Əksinə, o görüşlər gərginliklər yaradırdı. Ona görə də hesab edirəm ki, heç bir kənar vasitəçi olmadan keçirilən iqtidar-siyasi partiyalar görüşləri formatı davam etdirilməlidir. Dialoq ardıcıl, sistemli xarakter daşımalıdır”.

Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, beynəlxalq təşkilatların və ya hansısa dövlətlərin səfirlikləri vasitəsilə iqtidar-müxalifət görüşlərinin olması anormallıq idi. Çünki əslində benəlxalq təşkilatlar və səfirliklərin təşkilatçılığı ilə görüşlər adətən bir masa arxasında oturmağın mümkün olmadığı dövlətlərdə olur: “O cümlədən, məsələn, silahlı müxalifətlə iqtidar arasında beynəlxalq vasitəçilər dialoq qurur. Normal ölkələrdə, hər kəsin sivil siyasi mübarizə apardığı ölkələrdə iqtidarla siyasi partiyaların, müxalifətin görüşlərinin beynəlxalq təşklatlar tərəfindən təşkil olunmasına ehtiyac yoxdur. Biz bir-birimizə düşmən deyilik ki, kənardan kimsə bizim bir masa arxasında oturmağımız üçün vasitəçilik etsin. Mən hər zaman xaricdən vasitəçilərin təşkil etdiyi görüşlərin əleyhinə olmuşam. Yaxşı haldır ki, Azərbaycanda artıq siyasi münasibətlər sistemi kənar vasitəçilər olmadan hakimiyyətlə siyasi müxalifətin görüşlərinin keçirilməsinə imkan yaradacaq səviyyədədir. Biz ölkə daxilindəki problemləri özümüz heç bir xarici səfirlik olmadan hakimiyyətə çatdırırıq, təkliflərimizi veririk. Biz bunu inkişaf etdirməliyik. Bizim heç bir kənar vasitəçiyə ehtiyacımız yoxdur”.